...

Pekində “Ələt Azad İqtisadi Zonası – Azərbaycan-Çin iqtisadi əlaqələrində yeni əməkdaşlıq imkanları” mövzusunda biznes forum keçirilib

İqtisadiyyat Materials 5 May 2023 10:00 (UTC +04:00)

Bakı. Trend:

Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “Ələt Azad İqtisadi Zonası – Azərbaycan-Çin iqtisadi əlaqələrində yeni əməkdaşlıq imkanları” mövzusunda biznes forum keçirilib. Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu və Maşınqayırma və Elektronik Məhsulların İdxal və İxracı üzrə Çin Ticarət Palatasının (CCCME) birgə təşkilatçılığı ilə keçirilən biznes forumda 100-dən çox Çin şirkəti iştirak edib.

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səlahiyyətli və Fövqəladə Səfiri Əkrəm Zeynallı açılış nitqində Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin inkişafı, habelə ölkənin müxtəlif sahələrinə yatırılan investisiyaların artımı və qeyri-neft sektorunun inkişafı daxil olmaqla, Azərbaycan iqtisadiyyatı haqqında məlumat verib.

Daha sonra, CCCME sədri Can Yücin CCCME-nin Azərbaycan ilə geniş əməkdaşlıq imkanlarından bəhs edərək, Palatanın üzv şirkətlərinin və Çin investorlarının Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) yaradılmış əlverişli biznes mühiti haqqında məlumatlandırılacağını vurğulayıb.

Ardınca, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov geniş təqdimatla çıxış edib və bildirib ki, ƏAİZ, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən ixracyönümlü, çoxşaxəli və beynəlxalq rəqabətə davamlı iqtisadiyyatın tarazlı inkişafını təmin edən ümumi siyasətin əsas tərkib hissələrindən biridir. O, ƏAİZ-də investorlara təqdim edilən fiskal və qeyri-fiskal imtiyazlar paketi, habelə ƏAİZ-in strateji coğrafi mövqeyi, istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri və nəqliyyat-logistika mərkəzləri haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Cənab Ələsgərov ƏAİZ-in unikal qanunvericilik bazasını xüsusilə vurğulayaraq, ƏAİZ-in fəaliyyəti, inkişafı və idarə edilməsinə dair qanunverilicik bazasının Parlament tərəfindən qəbul olunmuş və dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının üstün qanunu kimi təsdiq edilmiş “Ələt Azad İqtisadi Zonası” haqqında Azərbaycan Respublikasının Qanununa və Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu tərəfindən qəbul edilən və təkmilləşdirilən ƏAİZ daxili qaydalarına əsaslandığını qeyd edib. İdarə Heyətinin sədri, ƏAİZ-in qabaqcıl idarəetmə təcrübəsinə və innovativ texnologiyalara əsaslanan yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı və müvafiq xidmətləri təmin edə biləcək investorların ehtiyaclarına xidmət göstərdiyini bildirib və Çinli investorları ƏAİZ-də yaradılan əlverişli biznes mühiti ilə tanış olmağa dəvət edib.

Biznes forum sual-cavab sessiyası ilə yekunlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti