Bakı. Trend. TotalEnergies və onun tərəfdaşı SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Abşeron qaz yatağında hər birinin 15%-lik iştirak payının ADNOC-a (Abu-Dabi Milli Neft Şirkəti) satışına dair müqavilə imzalayıb.
Trend xəbər verir ki, müvafiq orqanlar tərəfindən razılaşdırılmalı olan bu əməliyyat başa çatdıqdan sonra TotalEnergies, Abşeron qaz yatağında SOCAR (35%) və ADNOC (30%) ilə yanaşı 35% paya sahib olacaq.
Abşeron qaz-kondensat yatağı Xəzər dənizində yerləşir və JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunur.
“TotalEnergies öz strateji tərəfdaşlarından biri olan ADNOC-u, iyulun əvvəlində birinci faza üzrə hasilata başlanılan və artan qaz tələbatını ödəmək üçün əhəmiyyətli inkişaf potensialına malik Abşeron qaz yatağında salamlamaqdan məmnundur”, - deyə TotalEnergies-in Kəşfiyyat və Hasilat üzrə Prezidenti Nikolas Terraz bildirib