Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin sonuna illik inflyasiyanın 6% civarında olacağını proqnozlaşdırır.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AzTv-yə müsahibəsində bildirib.
"Bu ilin avqust ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 108% təşkil edib. Yəni əmtəə və xidmətlər 8% bahalaşıb. Bura həm ərzaq, həm də qeyri-ərzaq malları aiddir. Proqnozlarımız göstərir ki, bu ilin sonuna illik inflyasiya 6% civarında olacaq. Bu da AMB-nin hədəf diapazonuna (4+-2) yaxındır və iqtisadi inkişafımız üçün vacibdir. Bizim əsas məqsədimiz də elə inflyasiyanın idarə edilməsidir", - deyə o qeyd edib.
Bundan başqa, baş bankir deyib ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının məzənnəsindəki kəskin dəyişikliklərin yerli valyuta bazarına, milli valyutanın - manatın məzənnəsinə birbaşa təsiri yoxdur:
"Bizim ticarət tərəfdaşlarımızın milli valyutaları ucuzlaşanda qısa müddətdə, yəni 3-6 aylıq inflyasiyamız azalır. Çünki o ölkələrdən idxal olunan mallar ucuz olur. Ticarət tərəfdaşlarımızın milli valyutalarında ucuzlaşma uzunmüddətli olsa, bu, həmin ölkələrdə inflyasiyanı artıracaq, 3-6 aydan sonra həmin inflyasiya ölkəmizə də idxal olunacaq".