...

Türk dövlətlərinin sinxron inkişafını təmin etmək vacibdir - Qazaxıstan Prezidenti

İqtisadiyyat Materials 3 Noyabr 2023 12:46 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Türk dövlətlərinin sinxron inkişafını təmin etmək vacibdir.

Trend xəbər verir ki, bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında əsas məruzə ilə çıxışında deyib.

"Dövlətlərimizin standartlarını və terminologiyasını sistemləşdirməyi məqsədəuyğun hesab edirik. Bununla əlaqədar olaraq sizi nümunə qanun layihəsini ən qısa zamanda nəzərdən keçirərək, təsdiqləməyə çağırıram. Bu təşəbbüs məhsullarımızın ümumi bazara sərbəst ixracına yol açır. Vahid standartlar ümumdaxili məhsulun (ÜDM) təqribən 1 faiz illik artımını təmin etməyə imkan verəcək", - deyə o qeyd edib.

Onun sözlərinə görə, hazırda türk dövlətlərinin ÜDM-i təqribən 1,4 trilyon ABŞ dollarına bərabərdir.

"Bu il təşkilat üzvləri arasında əmtəə dövriyyəsi 22 milyard dolları keçib. Ümumi tələblərin təsdiqlənəcəyi təqdirdə bu göstəricini 1,5 dəfə artırmaq mümkündür. Bundan başqa, Türk Dövlətləri Təşkilatının Referans Mərkəzinin yaradılmasını məqsədəuyğun hesab edirəm. Mərkəz məhsul sınaqlarının nəticələrinin qarşılıqlı tanınmasını təmin etməyə, eləcə də, kimya və qida sənayesi sahəsində yeni tədqiqatlar keçirməyə imkan verəcək", - deyə Tokayev əlavə edib.

Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley sammiti başlayıb.

Sammit çərçivəsində fövqəladə hallar və metrologiya sahəsində çoxtərəfli sənədlərin imzalanması gözlənilir. Bundan əlavə, TDT-nin nəqliyyat proqramının həyata keçirilməsi üzrə birgə fəaliyyət planı, həmçinin Astana Aktı və Astana Sammitinin Bəyannaməsi imzalanacaq.

Zirvə toplantısının sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.

2023-cü ildə Özbəkistan TDT-yə sədrlik edir. Sədrliyin başlanğıcı ötən ilin noyabrında “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqiyə doğru” çağırışı altında keçirilən TDT sammiti olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti