Bakı. Trend:
Azərbaycan və Özbəkistan vətəndaşlarının vizasız gediş-gəlişinə dair yeni prosedur müəyyənləşir.
Trend-in xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə olunan “18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Özbəkistan ərazisinə girmə, çıxma və hərəkət
etmə üçün Azərbaycan vətəndaşlarının sənədlərinin yeni siyahısı
müəyyənləşir.
Siyahıya Azərbaycan Respublikasının ümumvətəndaş pasportu, xidməti
pasportu, diplomatik pasportu, Azərbaycan Respublikasında
dənizçinin şəxsiyyət sənədi (gəminin şəxsi heyətinin siyahısı və
ondan çıxarış olduqda), hava gəmisinin heyət üzvünün vəsiqəsi (uçuş
tapşırığında müvafiq qeyd olduğu təqdirdə), Azərbaycan
Respublikasına qayıdış şəhadətnaməsi (yalnız Azərbaycan
Respublikasına qayıdış üçün) daxil edilir.
Azərbaycan ərazisinə girmə, çıxma və hərəkət etmə üçün Özbəkistan vətəndaşlarının sənədlərinin yeni siyahısı da müəyyənləşir. Siyahıya Özbəkistan Respublikası vətəndaşının, yalnız Özbəkistana qayıtmaq üçün biometrik olmayan pasportu, xaricdə daimi yaşamaq üçün Özbəkistan Respublikasından qeydiyyatdan çıxan vətəndaşlar üçün və Özbəkistan Respublikasına qayıtmaq məqsədilə bütün vətəndaşlar üçün Özbəkistan Respublikası vətəndaşının biometrik pasportu, Özbəkistan Respublikası vətəndaşının xaricə getmək üçün biometrik pasportu, Özbəkistan Respublikasının biometrik diplomatik pasportu, Özbəkistana qayıdış sertifikatı (yalnız Özbəkistana qayıdış üçün), hava gəmisinin heyət üzvünün vəsiqəsi (şəxsi heyətin tərkibində hərəkət etdikdə) və hökumətlərarası feldyeger xidməti əməkdaşının şəxsiyyət vəsiqəsi daxildir.
Sazişə edilən əlavələrə görə, bir tərəfin ərazisinə müvəqqəti
olaraq gələn digər tərəfin dövlətinin vətəndaşları olduqları
tərəfin dövlətinin səlahiyyətli dövlət qurumlarında qeydiyyatdan
keçmək (uçota salınma) öhdəliyindən azad olunurlar, bir şərtlə ki,
onların qalma müddəti sazişdə göstərilən, onların şəxsiyyətini
müəyyən edən və vətəndaşlığını təsdiq edən sənədlər əsasında dövlət
sərhədini keçdikləri andan 15 təqvim günündən artıq olmasın.
Bir tərəfin dövlətinin vətəndaşı digər tərəfin dövlətinin
ərazisində 15 təqvim günündən artıq qaldıqda, həmin vətəndaş olduğu
tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq həmin
dövlətin səlahiyyətli qurumlarında qeydiyyatdan (uçota durmaq)
keçməlidir.