Dubay. Trend:
İqlimlə bağlı ambisiyalar gücləndirmək və öhdəliklərin icrasını sürətləndirmək lazımdır.
Trend xəbər verir ki, bunu Rumıniya prezidenti Klaus-Verner Yohannis BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində təşkil edilən Ümumdünya İqlim Fəaliyyəti Sammitində (COP28) deyib.
"Hamımız bilirik ki, hazırda tullantıların qlobal azaldılması Paris sazişinin hədəflərinə çatmır. İqlim dəyişikliyi, onunla yanaşı nəticələri də artır. Hər gün getdikcə daha mürəkkəb vəzifələrlə üzləşirk. Lakin ətraf mühitə diqqətimizi qoruyub saxlamalıyıq. İqlimlə bağlı ambisiyalarımızı gücləndirməli və öhdəliklərin icrasını sürətləndirməliyik. Rumıniya 1990-cu illə müqayisədə 2030-cu ilədək tullantı səviyyəsini təqribən 80 faiz azaltmağa, daha sonra isə sürətlə iqlim neytrallığına yaxınlaşmağa çalışır", - o deyib.
Yohannis iqlimlə mübarizənin həmçinin, ölkənin regional və qlobal tərəfdaşlarla diplomatik əlaqələrinin mühüm təməli olduğunu qeyd edib.
"İqlim barədə maarifləndirmə, biomüxtəlifliyin qorunması, qida məhsullarının iqlim baxımından dayanıqlı istehsalı və aşağı karbonlu enerji istehsalı Rumınyanın iqlim diplomatiyasının əsasında dayanır. Bizimlə həmfikir olan tərəfdaşlarımızla birgə bu sahələrdə layihələrin təşviqində maraqlıyıq. Rumıniya həmçinin, fövqəladə halların idarə olunması və erkən xəbərdarlıq sistemlərinin tətbiqinin öyrənilməsi və "nou-hau" bilikləri mübadiləsini asanlaşdırmaq məqsədilə qlobal tərəfdaşlar, o cümlədən Afrika, Yaxın Şərq və Latın Amerikadan olan tərəfdaşlarla fəal əməkdaşlıq edir.
Bu sahələrin əhəmiyyəti iqlim dəyişikliklərinin dağıdıcı nəticələri kontekstində artmaqdadır" - deyə o, əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)