Bakı. Trend:
Azərbaycan və Böyük Britaniya tərəfdaşlıq və əməkdaşlıq Sazişi imzalayıb.
Trend xəbər verir ki, müstəsna strateji saziş Azərbaycanın "Bridge" şirkətlər qrupu və Böyük Britaniyanın "Concrete Canvas Limited" şirkəti arasında Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində imzalanıb.
"Bridge" şirkətlər qrupunun icraçı direktoru Fərid İsgəndərov Trend-ə bildirib ki, bu saziş şirkətin kənd təsərrüfatı, infrastruktur layihələri, eləcə də, su ehtiyatlarının mühafizəsi və su ehtiyatlarının itkisi ilə mübarizə sahəsində xidmətlər göstərməsinə yardım edəcək.
"Su ehtiyatlarının istər şirkətimiz, istərsə də bütünlükdə Azərbaycan üçün dəyəri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında su ehtiyatlarının mühafizəsi və su ehtiyatlarının itkisi ilə mübarizənin əhəmiyyətini vurğulayır", - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası başlayıb.
İclasda iki ölkə arasında biznes mühiti, enerji keçidi, səhiyyə, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malkolm Offorddur.
(Tərcümə: Rəna Əbdürəhmanova)