...

“1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə təmsil olunan şirkət nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Materials 8 Dekabr 2023 15:11 (UTC +04:00)
“1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə təmsil olunan  şirkət nümayəndələri ilə görüş keçirilib

Bakı. Trend:

Dekabrın 9-dək davam edəcək “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə 100-ə yaxın yerli şirkətin məhsulları və istehsal texnologiyaları nümayiş olunur.

Dekabrın 8-də Bakı İdman Sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə təmsil olunan şirkət nümayəndələri ilə görüşü keçirilib.

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Eldar Həmidov, “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri və “Marsol Group”un İdarə Heyətinin sədri Tural Mustafayev tədbirdəki çıxışlarında ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlər, dəstək mexanizmləri və güzəştlər, yerli istehsalın stimullaşdırılması, “Made in Azərbaijan” brendinin təşviqi barədə fikirlərini bölüşüblər.

Sonra tədbir iştirakçıları “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” ilə tanış olublar.

Qeyd edək ki, sərgidə Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən 100-ə yaxın yerli şirkətin məhsulları və istehsal texnologiyaları nümayiş olunur. Məhsullar sənaye, kənd təsərrüfatı, qida, inşaat, İKT, mebel və digər sektorları əhatə edir. Sərginin məqsədi yerli məhsulların geniş istehlakçı auditoriyasına tanıdılması, yerli brendlərin istehsal texnologiyaları barədə alıcıları məlumatlandırmaq, alıcılar və satıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerli məhsulların ixracı sahəsində əməkdaşlığın genişləndirilməsidir. Sərgiyə “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyi, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da dəstək göstərir. KOB subyektlərinə dəstək məqsədilə sərgidə KOBİA-nın xüsusi stendində bir neçə sahibkarın məhsulları nümayiş olunur, Agentliyin KOB-lara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilir.

Sərgi çərçivəsində müxtəlif müsabiqələr, təqdimatlar və “B2B” görüşlər də keçirilir. Sərgi dekabrın 9-dək davam edəcəkdir.

Xəbər lenti

Xəbər lenti