Bakı. Trend:
Dünya Bankı Azərbaycana isitmə sisteminin səmərəliliyinin artırılmasında dəstək göstərməyə hazırdır.
Trend xəbər verir ki, bu barədə Dünya Bankının energetika üzrə mütəxəssisi Florian Kitt Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan AZTAF üzrə ikinci illik hesabat iclasında deyib.
"Dünyada enerji istehlakının təqribən 30 faizi binaların payına düşür. Azərbaycanda bu rəqəm təkcə yaşayış sektorunda 38 faizə yaxındır. Sənaye və digər sektorları əlavə etsək, göstərici 50 faizə çatacaq. Azərbaycanda binaların orta enerji istehlakı 0,85 qiqacoula yaxındır", - deyə o bildirib.
Florian Kitt qeyd edib ki, Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən isitmə sisteminin səmərəliliyinin artırılması üzrə gələcək tədbirlərin planı təqdim olunub.
"Bu məsələlərin həllində dəstək verməyə hazırıq və Dünya Bankı olaraq, bu istiqamətdə layihəyə kreditlər formasında maliyyə dəstəyinin müzakirəsinə və təmin olunmasına hazırıq", - o deyib.
Bundan başqa, Florian Kitt bildirib ki, karbon və iqlim maliyyələşdirməsi Azərbaycan hökumətinin bərpa olunan enerjidən istifadənin genişləndirilməsi üzrə iddialı strategiyasının dəstəklənməsində əsas rol oynayır.
"Enerji səmərəliliyi istilik, soyutma və avtomobillərdən istifadənin artması nəticəsində sürətlə artan enerji istehlakını azaltmaq üçün ən əlçatan və sürətli tədbirdir. Məhz bu, xərcləri azaltmağa, iqtisadi fəaliyyətin digər növləri üçün vəsait ayırmağa kömək edə və Azərbaycanın enerji sektorunun diversifikasiyası üzrə strategiyasını dəstəkləyə bilər", - o deyib.
Kitt külək, günəş, geotermal və bioenerjinin xüsusi diqqət tələb edən sahələr olduğunu qeyd edib.
"Milli səviyyədə müəyyən edilmiş töhfələri (NDC) uğurla həyata keçirmək və neft və qaza deyil, bərpa olunan enerjiyə əsaslanan yeni iqtisadi çərçivəyə keçid etmək üçün bu mövzuların təşviq edilməsinin vacibliyi ilə razılaşan avropalı tərəfdaşlarımızın dəstəyini yüksək qiymətləndiririk", - deyə o əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)