Bakı. Trend:
Gəncədə Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və İcbari Sığorta Bürosunun (İSB) birgə təşkilatçılığı ilə İkinci Sığorta Festivalının təntənəli bağlanış mərasimi keçirilib.
Trend-in ASA-ya istinadən verdiyi xəbərə görə, festivalda təşkilatçı qurumların, Gəncə Şəhər İcra Hakimiyyətinin və sığorta şirkətlərinin rəhbərləri iştirak ediblər.
Tədbirdə Gəncə sakinləri üçün hədiyyəli oyunlar, intellektual yarışlar və sürpriz şoular təşkil edilib. Eyni zamanda, festival çərçivəsində ölkədə aparılan sığorta maarifləndirmə layihəsinin bir hissəsi olaraq, əhaliyə sığorta məhsulları haqqında ətraflı məlumatlar təqdim edilib.
İkinci Sığorta Festivalı çərçivəsində Bakı, Sumqayıt, Lənkəran və Naxçıvan şəhərlərində də müxtəlif tədbirlər baş tutub.
Qeyd edək ki, bu Festival Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı” çərçivəsində maarifləndirmə və təbliğat tədbirlərinin bir hissəsidir. Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə həyata keçirdiyi bu layihə, geniş ictimaiyyət və biznes nümayəndələrinin sığorta sahəsində məlumatlılığının artırılması və onların sığorta xidmətlərinə daha çox cəlb edilməsi məqsədini daşıyır.