Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Yokogawa Europe B.V.” arasında icraçı seminar təşkil olunub. Trend bu barədə SOCAR-a istinadən məlumat verir.
Məlumata görə, SOCAR və “Yokogawa Europe B.V.” arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində SOCAR-ın strateji rəhbərləri və aparıcı mütəxəssislərinin iştirakı ilə “Executive Workshop” (icraçı seminar) təşkil olunub.
Seminarda daunstrim dəyər zəncirinin optimallaşdırılması, modernizasiyası və genişləndirilməsi layihələri, enerji səmərəliliyi, rəqəmsallaşma və dekarbonizasiya mövzularında geniş müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Məlumat üçün bildirək ki, ötən ilin dekabr ayında SOCAR və “Yokogawa Electric” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum şirkətlərarası əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər istehsalın optimallaşdırılması, enerji səmərəliliyinin artırılması, dekarbonizasiya fəaliyyəti, emissiyaların azaldılması, habelə rəqəmsallaşdırma və digər istiqamətlərdə əməkdaşlıq edəcək, birgə layihələrin icrası imkanlarını araşdıracaqlar.