Bakı. Trend:
“Azərbaycan Hava Yolları” (AZAL) QSC son 20 il ərzində planlı və dinamik şəkildə inkişaf edərək bir sıra mühüm nailiyyətlərə imza atıb.
Trend xəbər verir ki, bunu AZAL-ın prezidenti Samir Rzayev “Facebook” sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, qeyd edilən dövr ərzində işğaldan azad olunmuş torpaqlarımız da daxil olmaqla ölkəmizdə dünya standartlarına cavab verən hava limanlarının və terminalların inşası reallaşdırılıb, təyyarə parkı modernləşdirilib və genişləndirilib.
"Maddi-texniki bazanın yaxşılaşdırılması ilə yanaşı, aviasiya sahəsində kadrların yetişdirilməsi, onların potensialının gücləndirilməsi və daha yüksək mərhələyə çatdırılması üçün mühüm addımlar atılıb.
AZAL aviaşirkəti üzrə 2024-cü ilin göstəricilərinin COVID-19
pandemiyasından əvvəlki dövr ilə (2019-cu illə) müqayisəsinə
əsasən:
Uçuş istiqamətlərinin sayını 63-ə çatdırmaqla,
Qeyd olunan istiqamətlərdə 17 mindən artıq uçuş icra etməklə
reyslərin sayında 43% artıma,
4 milyondan çox sərnişinə xidmət göstərməklə sərnişin sayında 50%
artıma nail olunub və tarixi rekorda imza atılıb.
Müvafiq dövrlər üzrə AZAL və Heydər Əliyev Beynəlxalq Aeroportu Skytrax tərəfindən dəfələrlə “5 Ulduz” mükafatlarına layiq görülüb, illər ərzində bir sıra nüfuzlu beynəlxalq mükafatlar əldə edib.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfə verən fəaliyyətlərin həyata keçirilməsi dayanıqlı inkişaf üçün güclü zəmin yaradıb.
AZAL tarixi ənənəsinə sadiq qalaraq sərnişinlərə yüksək standartlara cavab verən xidmət təqdim etməyə davam edir", - Rzayev əlavə edib.