Bakı. Trend:
Bu ilin fevral ayının 1-nə respublika üzrə uçotda olan 1.604.938 vergi ödəyicisinin 87 faizi fiziki şəxslər, 13 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,4 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,1 faiz, hüquqi şəxslərin sayı isə 7,6 faiz artıb. Fevral ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artaraq 191.643 vahid təşkil edib.
2025-ci ilin yanvar ayı ərzində 1.307 kommersiya qurumu dövlət
qeydiyyatından keçib ki, onların 90,1 faizi yerli investisiyalı,
9,9 faizi xarici investisiyalı qurumlardır. Kommersiya qurumlarının
87,5 faizi elektron qaydada qeydiyyata alınıb. Yanvar ayında
qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli
cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,5 faiz təşkil
edib.
Dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv
ƏDV ödəyicilərinin sayı 40.901 vahid təşkil edərək ötən ilin
müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artıb. ƏDV ödəyicilərinin
ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiz təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,5 faizi
məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi
kooperativ və s. formalarda yaradılıb.