Bakı. Trend:
Çexiya “Həmrəylik Halqası” (Solidarity Ring) qaz dəhlizi təşəbbüsünə qoşulmaqda maraqlıdır.
Bu barədə Trend-ə Çexiyanın Sənaye və Ticarət Nazirliyindəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, ümumilikdə Çexiya diversifikasiyaya yönəlmiş bütün layihələri dəstəkləyir və alternativ təchizat marşrutlarının vacibliyini qəbul edir.
“Biz “Həmrəylik Halqası” adlandırılan təşkilatın birbaşa iştirakçıları və ya imzalayanları olmasaq da, bu təşəbbüsdə əsas rol oynayan Slovakiya ilə əlaqə nöqtəmizdə mövcud imkanları nəzərə alsaq, əlbəttə ki, bunda maraqlıyıq”, - mənbə bildirib.
Xatırladaq ki, “Həmrəylik Halqası” təşəbbüsünün həyata keçirilməsini dəstəkləyən Anlaşma Memorandumu 25 aprel 2023-cü ildə Sofiyada (Bolqarıstan) imzalanıb.
Sənəd Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə dörd qaz nəqli sisteminin operatoru - Bulgartransgaz (Bolqarıstan), Transgaz (Rumıniya), FGSZ (Macarıstan) və Eustream (Slovakiya) arasında əməkdaşlıq sahələrini müəyyən edir. Bu həcmlər “Həmrəylik Halqası” çərçivəsində Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın modernləşdirilmiş qaz nəqli sistemləri vasitəsilə nəql ediləcək.
Bu infrastrukturun gücü ildə 5-9,5 milyard kubmetr qaza çata bilər. Aİ-dən lazımi maliyyə dəstəyi olarsa, təşəbbüs 2026-cı ilin sonuna kimi həyata keçirilə bilər.