Bakı.Trend:
11 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyində “ASAN müraciət” informasiya sisteminin
fəaliyyəti ilə bağlı tədbir təşkil olunub.
TrendTrend xəbər veri ki, tədbir
müvafiq sistem çərçivəsində 2024-cü il ərzində həyata keçirilmiş
fəaliyyətin yekunlarına həsr olunub.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin
şəxsi təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in fəaliyyətində
vətəndaş məmnunluğunun hər zaman prioritet olduğunu, bu məqsədlə
müasir texnologiyalardan və həllərdən istifadə edildiyini
vurğulayıb. O, “ASAN müraciət” platformasının məhz vətəndaşlarla
dövlət qurumları arasında əlaqələrin inkişafındakı xüsusi
əhəmiyyətini, müraciətlərin və ehtiyacların operativ və innovativ
üsullarla həll edildiyini diqqətə çatdırıb.
Ardınca müraciətlərə baxılmasında fərqlənən müxtəlif qurumlara,
fəallığı ilə seçilən vətəndaşlara və xüsusi dəstək göstərən ASAN
könüllülərinə təşəkkürnamələr təqdim olunub.
"ASAN müraciət” informasiya sistemi Prezident İlham Əliyevin
2020-ci il 21 avqust 2232 nömrəli Sərəncamı əsasında ictimai
iştirakçılığın təmin edilməsi və elektron xidmətlərdən istifadə
edərək vətəndaş müraciətlərinin operativ qaydada dövlət qurumlarına
yönləndirilməsi məqsədilə yaradılıb.
Sistem və onun mobil tətbiqinin əsas funksionallığı ictimai
xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri,
infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə
bağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə
operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və
həmin müraciətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin
etməkdir.
Hazırda “ASAN müraciət” informasiya sistemi 97 qurumun iştirakı ilə
ölkə ərazisi üzrə (Naxçıvan Muxtar Respublikasının ərazisi istisna
olmaqla) müraciətlərin qəbulunu və aidiyyəti üzrə göndərilməsini
təmin edir. Bu günə kimi 25 000-ə yaxın istifadəçi “ASAN müraciət”
mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçib.
Mobil tətbiqi “iOS” və “Android” əməliyyat sistemlərindən yükləmək
mümkündür.