Bakı. Trend:
Sazişlərin Azərbaycan Respublikası Rəqabət Məcəlləsində qeyd olunan şərtlərə cavab verməsinə, həmçinin texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlərin istisna edilməsinə dair meyarlar təsdiqlənib.
Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar imzalayıb.
Sənədə əsasən, istehlakçılara verdiyi fayda rəqabətin məhdudlaşdırılmasının mənfi təsirlərindən üstün olan sazişlər və uyğunlaşdırılmış hərəkətlər aşağıdakı meyarlardan ən azı üçünə cavab verdikdə Məcəllənin 13.1-ci maddəsinin tələblərinə uyğun olaraq istisna edilir:
saziş nəticəsində miqyas iqtisadiyyatının əldə edilməsi və sazişin olmadığı vəziyyətlə müqayisədə ən azı 1 (bir) il ərzində müvafiq bazarda məhsul istehsalının 30 faiz artması;
saziş nəticəsində sazişin bağlanıldığı müvafiq bazara aid olmayan yeni bir məhsulun istehsalının mümkün olması;
saziş nəticəsində müvafiq bazarda məhsul başına düşən xərclərin 3-6 ay ərzində 15 faiz və daha çox azalması;
saziş nəticəsində müvafiq bazarın məhsul sərhədində ən azı 1 (bir) il ərzində investisiyaların əvvəlki il ilə müqayisədə 20 faiz artması;
saziş nəticəsində müvafiq bazarın məhsul sərhədində əhəmiyyətli nouhaunun yaranması;
texniki imkanların məhdud olması səbəbi ilə bir təsərrüfat subyektinin yalnız saziş iştirakçısı olmaqla müvafiq bazarda fəaliyyət göstərməsinin, məhsul istehsalı və ya istifadəsini həyata keçirməsinin mümkün olması;
müvafiq bazarın məhsul sərhədində fəaliyyət göstərməklə əlaqədar olaraq dövlət təhlükəsizliyi, istehlakçıların sağlamlığının qorunması, ictimai asayiş və sosial öhdəliklərin prioritet olması nəticəsində məhsulun saziş olmadan istehsalının və ya istifadəsinin həmin prioritetlərə zərər vurma ehtimalının olması;
məhsulun istehsalı və ya istifadəsi ilə əlaqədar olaraq xüsusi keyfiyyət və lisenziya meyarlarının müəyyən edilməsi nəticəsində onun saziş olmadan istehsalının və ya istifadəsinin qeyri-effektiv nəticələrə səbəb olması.
Məcəllənin 13.1-ci maddəsinin tələblərinə uyğun olaraq texnologiyanın transferti ilə əlaqəli olan sazişlər aşağıdakı meyarların hamısına birlikdə cavab verdikdə istisna edilir:
texnologiyanın transferti sazişi iştirakçılarının birgə bazar payı otuz faizdən artıq olmamalıdır;
texnologiyanın transferti sazişi texnologiyanı transfert edən və texnologiyanı qəbul edən olmaqla yalnız iki təsərrüfat subyekti arasında bağlanılmalı, habelə sazişin məqsədi texnologiyanın istehsalı və ya istifadəsi ilə əlaqəli olmalıdır;
texnologiyanın transferti sazişi texnologiyanı transfert edən təsərrüfat subyektinin məhsul üzrə xərclərini saziş bağlanılmadığı vəziyyətlə müqayisədə azı on faiz azaltma potensialına sahib olmalıdır;
texnologiyanın transferti sazişi üzrə qəbul edilən texnologiyanın istifadəsi müvafiq bazarın məhsul sərhədlərində texnologiyanı qəbul edənin tədqiqat və inkişaf xərclərini azı əlli faiz azaltmalı, tədqiqat və inkişaf ilə əlaqəli işlərin təkrarlanmasının qarşısını almalıdır;
texnologiyanın transferti sazişi texnologiyanı qəbul edən təsərrüfat subyektinin qiymət və qeyri-qiymət rəqabət potensialını rəqibləri ilə müqayisədə müvafiq bazarın məhsul sərhədlərində artırmalıdır;
texnologiyanın transferti sazişi onun predmeti ilə əlaqəli olmayan məhsul istehsalı və ya istifadəsi ilə bağlı rəqabəti məhdudlaşdıran şərtləri ehtiva etməməlidir;
transfert edilən texnologiya müvafiq bazarın məhsul sərhədlərində asanlıqla əldə edilə bilən xarakterə malik olmamalıdır;
texnologiyanın transferti sazişi bağlanıldıqdan sonra transfert edilən texnologiya müvafiq bazarın məhsul sərhədlərində qiymət və qeyri-qiymət rəqabəti aparmaq üçün xüsusi əhəmiyyətə və sənayedə praktiki cəhətdən istifadə edilə bilən innovativ xarakterə malik olmalıdır;
texnologiyanın transferti sazişi onun iştirakçısı olan təsərrüfat subyektlərinin texnoloji yenilikləri və nou-haunu tətbiq etmək, o cümlədən bazarın tədqiqat və inkişaf araşdırmalarını aparmaq hüququnu məhdudlaşdıran şərtləri ehtiva etməməlidir.
Aşağıdakı hallarda müvafiq bazarın məhsul sərhədlərində rəqib və ya potensial rəqib olan təsərrüfat subyektlərinin bağladıqları texnologiyanın transferti sazişlərinə Məcəllənin 13.1-ci maddəsi tətbiq edilmir:
saziş iştirakçısı olan təsərrüfat subyektlərindən ən azı birinin məhsulun satış qiymətini sərbəst (azad) müəyyən etmək hüququ məhdudlaşdırıldıqda;
saziş predmeti ilə əlaqəli olan məhsulların istehsal, istifadə və ya satış miqdarı məhdudlaşdırıldıqda;
aşağıdakı hallar istisna olmaqla, saziş müddətində və ya saziş müddəti bitdikdən sonra müvafiq bazar, habelə müştərilər, satıcılar, ərazilər, xammal mənbələri, yaxud məhsulun konkret növlərinin istehsalı (satışı) saziş iştirakçıları arasında bölüşdürüldükdə:
transfert edilən texnologiyanın müəyyən bir ərazidə saziş iştirakçısı olmayan təsərrüfat subyektlərinə açıqlanmaması öhdəliyinin qoyulması;
texnologiyanı transfert edən tərəfindən onun özünə və ya digər saziş üzrə texnologiyanı qəbul edənə eksklüziv olaraq ayrılan ərazi və ya müştəri qrupuna texnologiyanı qəbul edən tərəfindən aktiv və ya passiv satışın məhdudlaşdırılması;
texnologiyanı transfert edən tərəfindən selektiv təchizat sisteminin mövcud olduğu ərazidə həmin sistemin iştirakçısı olmayan təsərrüfat subyektlərinə aktiv və ya passiv satışın məhdudlaşdırılması.
Aşağıdakı hallarda müvafiq bazarın məhsul sərhədlərində rəqib və ya potensial rəqib olmayan təsərrüfat subyektlərinin bağladıqları texnologiyanın transferti sazişlərinə Məcəllənin 13.1-ci maddəsi tətbiq edilmir:
saziş iştirakçısı olan təsərrüfat subyektlərindən ən azı birinin məhsulun satış qiymətini sərbəst (azad) müəyyən etmək hüququ məhdudlaşdırıldıqda;
saziş predmeti ilə əlaqəli olan məhsulların istehsal, istifadə və ya satış miqdarı məhdudlaşdırıldıqda;
aşağıdakı hallar istisna olmaqla, saziş müddətində və ya saziş müddəti bitdikdən sonra texnologiyanı qəbul edənin saziş predmeti olan məhsulların aktiv və ya passiv satışı məhdudlaşdırıldıqda:
texnologiyanı transfert edən tərəfindən onun özünə və ya digər saziş üzrə texnologiyanı qəbul edənə eksklüziv olaraq ayrılan ərazi və ya müştəri qrupuna texnologiyanı qəbul edən tərəfindən aktiv və ya passiv satışın iki il müddətində məhdudlaşdırılması;
texnologiyanı transfert edən tərəfindən selektiv təchizat sisteminin mövcud olduğu ərazidə həmin sistemin iştirakçısı olmayan təsərrüfat subyektlərinə aktiv və ya passiv satışın iki il müddətində məhdudlaşdırılması;
topdansatış səviyyəsində fəaliyyət göstərən texnologiyanı qəbul edənin son istehlakçılara aktiv və ya passiv satışının məhdudlaşdırılması;
selektiv təchizat sisteminin iştirakçısı olan texnologiyanı qəbul edən tərəfindən həmin sistemin mövcud olduğu ərazidə selektiv təchizat sisteminin iştirakçısı olmayan alıcıya satışın məhdudlaşdırılması.
Məcəllənin 13.1-ci maddəsinin tələblərinə uyğun olaraq bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlər aşağıdakı meyarların hamısına birlikdə cavab verdikdə istisna edilir:
saziş iştirakçılarının birgə bazar payı otuz faizdən artıq olmamalıdır;
bazarın tədqiqi və inkişafı sazişlərinin məqsədi saziş predmeti ilə əlaqəli olan məhsulun istehsalı, istifadəsi və ya texnologiyanın tədqiqi və inkişaf etdirilməsi ilə birbaşa əlaqəli olmalı və nəticələrdən ortaq fayda əldə etməyi ehtiva etməlidir;
bazarın tədqiqi və inkişafı sazişlərində nəzərdə tutulan bazarın tədqiqi və inkişafı layihəsi müvafiq bazarın məhsul sərhədlərində qiymət və qeyri-qiymət rəqabəti aparmaq üçün xüsusi əhəmiyyətə və sənayedə praktiki cəhətdən istifadə edilə bilən innovativ xarakterə malik olmalıdır;
bazarın tədqiqi və inkişafı sazişlərində əldə ediləcək məhsul, texnologiya və nou-haunun istehlakçılara verəcəyi potensial fayda haqqında məlumatlar nəzərdə tutulmalıdır;
bazarın tədqiqi və inkişafı sazişləri onun predmeti olmayan məhsul istehsalı və ya istifadəsi ilə əlaqəli rəqabəti məhdudlaşdıran xüsusi şərtləri ehtiva etməməlidir;
bazarın tədqiqi və inkişafı sazişləri onun iştirakçısı olan təsərrüfat subyektlərinin saziş predmeti olmayan məhsul və ya texnologiya üzrə texnoloji yenilikləri və nou-haunu tətbiq etmək, o cümlədən bazarın tədqiqat və inkişaf araşdırmalarını aparmaq hüququnu məhdudlaşdıran şərtləri ehtiva etməməlidir;
bazarın tədqiqi və inkişafı sazişlərində planlaşdırılan tədqiqat və inkişaf layihələri saziş iştirakçılarının təsərrüfat fəaliyyətləri ilə birbaşa əlaqəli olmalıdır.
Aşağıdakı hallarda təsərrüfat subyektlərinin bağladıqları bazarın tədqiqi və inkişafı ilə əlaqədar sazişlərə Məcəllənin 13.1-ci maddəsi tətbiq edilmir:
tərəflərdən hər-hansı birinin sazişin predmetindən başqa digər sahələrdə müstəqil tədqiqat və inkişaf fəaliyyətləri aparmaq hüququ məhdudlaşdırıldıqda;
saziş predmeti olmayan məhsulların satış qiyməti, təklif həcmi və marketinq strategiyaları saziş iştirakçıları tərəfindən birlikdə təyin edildikdə;
tərəflərdən biri və ya bir neçəsinin sazişin bağlanılmasına əsas olan sahə, məhsul və texnologiya ilə əlaqəli sazişin müddəti bitdikdən sonra müstəqil və ya digər təsərrüfat subyektləri ilə birlikdə bazarın tədqiqi və inkişafı layihələrinin aparılması hüququ məhdudlaşdırıldıqda;
aşağıdakı hallar istisna olmaqla bazarın tədqiqi və inkişafına əsas olan məhsul istehsal edildikdən sonra müvafiq bazar, habelə müştərilər, satıcılar, ərazilər, xammal mənbələri, yaxud məhsulun konkret növlərinin istehsalı (satışı) sazişin tərəfləri arasında bölüşdürüldükdə:
saziş iştirakçılarına və ya saziş iştirakçısı olmayan təsərrüfat subyektlərinə eksklüziv olaraq ayrılan ərazi və ya müştəri qrupuna saziş predmeti olan məhsul üzrə aktiv və ya passiv satışın saziş müddətində məhdudlaşdırılması;
selektiv təchizat sisteminin iştirakçısı olmayan təsərrüfat subyektlərinə saziş predmeti olan məhsul üzrə aktiv və ya passiv satışın saziş müddətində məhdudlaşdırılması;
aşağıdakılar istisna olmaqla saziş predmeti ilə əlaqəli məhsulun istismarı və ya satışı məhdudlaşdırıldıqda:
nəticələrin birgə istifadəsinin saziş üzrə məhsulların birgə istehsalını əhatə edən istehsal hədəflərini müəyyən etməsi;
saziş iştirakçılarının nəticələrdən birgə istifadə etməyə razılaşdıqları müddət ərzində sazişdə nəzərdə tutulan məhsullar və ya texnologiyalar ilə rəqabət aparan məhsulları və ya texnologiyaları istehsal etmək, satmaq, təhvil vermək və ya transfert etmək hüququnun məhdudlaşdırılması;
satış hədəflərinin müəyyən edilməsi və nəticələrin birgə istismarının aşağıdakı şərtlərə cavab verməsi:
saziş üzrə məhsulların birgə paylanması və ya texnologiyaların birgə transferti;
birgə qrup, təşkilat və ya müəssisə tərəfindən həyata keçirilməsi və ya birgə üçüncü tərəfə həvalə edilməsi;
nəticələrin birgə istifadəsi nəticəsində bilavasitə müştərilərdən alınan qiymətlərin müəyyən edilməsi və ya bilavasitə texnologiyanı transfert edəndən alınan transfert haqlarının müəyyən edilməsi istisna olmaqla, saziş üzrə məhsulların satışı və ya saziş üzrə texnologiyaların üçüncü tərəflərə transfert edilməsi zamanı qiymətlər müəyyən edildikdə;
saziş iştirakçılarına müvafiq ərazilərdə olan müştərilərin və ya istismar kontekstində ixtisaslaşma yolu ilə saziş iştirakçılarının müştərilərinin tələbini ödəməkdən imtina etmək tələbi qoyulduqda (əgər belə müştərilər saziş üzrə məhsulları daxili bazarın digər ərazilərində bazara çıxaracaqlarsa);
istifadəçilərə və ya təchizatçılara daxili bazarda digər təchizatçılardan saziş üzrə məhsulları əldə etmələrini çətinləşdirəcək tələblər müəyyən edildikdə;
saziş predmeti olmayan məhsullar üzrə gələcək üçün tələb və təklif həcmi, qiymət, təchizat sistemi ilə əlaqədar razılaşmalar aparıldıqda;
rəqabəti məhdudlaşdırmaq məqsədilə saziş predmeti olmayan məhsulların iqtisadi göstəriciləri üzrə (tələb və təklif həcmi, qiymət, marketinq planları, müştəri qrupları, təchizatçılar) mövcud və gələcəyə aid məlumat mübadiləsi aparıldıqda.