...

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlandı

Cəmiyyət Materials 11 Mart 2025 20:05 (UTC +04:00)
Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlandı
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin növbəti iclası martın 18-nə təyin olunub.

Trend xəbər verir ki, bu barədə bu gün keçirilən məhkəmə prosesinin baxış iclasında bildirilib.

Qeyd edək ki, bu gün Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

İclasın əvvəlində hakim Zeynal Ağayev bu məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə hüquq və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən şəxs Ruben Vardanyan əvvəlki məhkəmə proseslərində verdiyi vəsatətlərin bir qisminin təmin olunmadığını qeyd edərək, işə baxan hakimlər kollegiyasına etirazını bildirib.

Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək deyib ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə proseslərində baxılaraq müvafiq qərarlar qəbul olunub. Həmçinin Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret hallarının müəyyən edildiyi və həmin etirazın əsaslandırılmasının zəruri olduğu vurğulanıb. Buna baxmayaraq, R.Vardanyanın öz etirazını qanunvericiliyin müəyyən etdiyi hallara uyğun deyil, vəsatətlərinin təmin olunmaması ilə əsaslandırması cinayət-prosessual qanunvericiliyə əsasən, etiraz üçün əsas ola bilməz. Bu səbəbdən prokuror etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.

Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər ittiham tərəfinin mövqeyi ilə razılaşdıqlarını bildiriblər.

İclasa sədrlik edən Zeynal Ağayev təqsirləndirilən şəxsin eyni xüsusat üzrə artıq dördüncü dəfədir hakimlər kollegiyasına etiraz etdiyini, göstərdiyi halların hər birinə əvvəllər ətraflı baxılaraq qərar verildiyini, hazırkı prosesdə hər hansı yeni dəlil təqdim olunmadığı və əsaslandırma edilmədiyi üçün etirazı təmin etməyib.

Sonra dövlət ittihaçısı Təranə Məmmədova təqsirləndirilən şəxsə Azərbaycanın Respublikasının əvvəllər işğal altında olmuş suveren ərazilərinin minalanması, oraya müxtəlif yerlərdən, o cümlədən Ermənistandan silahların daşınması prosesi, əldə olunması, bunun üçün nəzərdə tutulan maliyyə vəsaitlərinin hansı qaydada formalaşdırılması, həmin prosesdə Ermənistan dövləti, onun rəhbərliyi və yüksək vəzifəli şəxslərinin iştirakı, dəstəyi, razılıq və icazələri, eləcə də könüllü və muzdluların Azərbaycanın suveren ərazilərində qalan Ermənistan ordusu ilə və Ermənistanla əlaqələri barədə suallar verib.

Təqsirləndirilən şəxs sualları cavablandırmaqdan imtina edib.

Daha sonra iş üzrə şahidlər dindirilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti