...

“Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı” Konfransının iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

İqtisadiyyat Materials 25 Aprel 2025 16:21 (UTC +04:00)
“Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı” Konfransının iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

“Sahibkarlar günü”nə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda Konfransın iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Trend xəbər verir ki, müraciəti “Pasha Holding” MMC-nin Hüquq üzrə rəhbəri və Komplayens Departamentinin direktoru Aytac Qasımova səsləndirib.

Müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident!

Azərbaycanın iqtisadi dirçəliş tarixi, sabit və dayanıqlı inkişafı, milli sahibkarlığın təşəkkül tapması və dünyada tanınması Ulu Öndər Heydər Əliyevin uzagörən siyasətinin bəhrəsidir. Sizin rəhbərliyinizlə bu strateji xətt yeni dinamizm qazanmış, dövlətin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğı sahibkarlığı mühüm hərəkətverici qüvvəyə çevirmişdir.

Zati-alinizin müdrik baxışı özəl sektorun inkişafına olan diqqəti dolğun şəkildə ifadə edir: “Sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir.” Bu fikirlər sahibkarlara yalnız istiqamət vermir, həm də ruhlandırıcı çağırışdır – dövlətin güvəninə və dəstəyinə arxalanaraq daha böyük hədəflərə yürüməyə sövq edir.

Bu il Azərbaycanın çoxəsrlik tarixində dönüş nöqtəsi hesab olunan mühüm əlamətdar hadisə ilə yadda qalır: Konstitusiyamızın qəbulunun 30 illiyi və şanlı Vətən müharibəsində qazandığımız Qələbənin 5-ci ildönümü. Bu mühüm tarixi mərhələlərdə Azərbaycan sahibkarları da fəal iştirakçıya çevrilmiş və iqtisadi dirçəlişin önündə addımlamışdır.

Ölkəmizdə 25 aprel – “Sahibkarlar Günü” kimi qeyd olunması artıq on ildir ki, özəl sektorun əhəmiyyətinin yüksək qiymətləndirildiyini simvolizə edir. Bu məqsədlə “Konstitusiya və suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” Konfransının təşkil olunması dövlətimizin strateji prioritetlərini – o cümlədən azad edilmiş ərazilərin yenidən qurulması və dayanıqlı inkişafın təmini istiqamətində sahibkarların rolunu önə çıxarır.

Sizin Ali Baş Komandanlığınız altında işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa-quruculuq işləri müasir inkişafın təməlidir. Hər bir sahibkar bu uğurlu quruculuq fəaliyyətində iştirak etməyi yalnız vətəndaşlıq borcu deyil, həm də tarixi missiya kimi dəyərləndirir.

Ölkəmizdə vüsət almış genişmiqyaslı islahatlar, yaşıl iqtisadiyyat və innovativ texnologiyalar sahəsində təqdim olunan təşviqlər sahibkarlar üçün yeni fəaliyyət istiqamətləri və investisiya imkanları formalaşdırır. Ötən il uğurla keçirilmi COP29 kimi qlobal əhəmiyyətli tədbir eyni zamanda yerli sahibkarlar üçün “yaşıl biznes” modelləri qurmaq, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etmək və ekoloji yönümlü məhsul və xidmətlər bazarına çıxmaq baxımından unikal fürsətlər yaradır.

Möhtərəm cənab Prezident!

Sizin həyata keçirdiyiniz islahatlar, şəffaf və rəqabətədavamlı biznes mühitin formalaşdırılması, habelə dövlət-özəl tərəfdaşlığının inkişafına sistemli yanaşmanız nəticəsində bu gün özəl sektor güclü, təşəbbüskar və milli maraqlara sadiq bir qüvvə kimi formalaşmışdır.

Biz – “Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda Konfransın iştirakçıları olaraq, bir daha bəyan edirik ki, milli iqtisadiyyatımızın inkişafı, ərazi bütövlüyümüzün möhkəmləndirilməsi, Böyük Qayıdışın uğurla təmini, habelə Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması yolunda irəli sürdüyünüz strateji məqsədlərə çatmaq üçün bütün potensialımızla hazırıq və Sizin ətrafınızda sıx birləşmişik.

Azərbaycan sahibkarları adından Zati-alinizə dərin təşəkkürümüzü bildirir, Sizə möhkəm cansağlığı, ölkəmizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə davamlı nailiyyətlər arzu edirik!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti