Bakı. Trend:
Asiya İnkişaf Bankı Orta dəhliz (CAREC 2 dəhlizi)boyunca yeni layihələrə olan tələbi araşdırır.
Trend-in Milana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya üzrə departamentinin baş direktoru Yevgeniy Jukov AİB-nin 58-ci illik iclası çərçivəsində keçirilən “Trans-Xəzər əlaqəliliyi: Nəqliyyat və enerji dəhlizlərinin potensialının açılması” forumunda çıxışı zamanı bildirib
“AİB Orta Dəhlizin inkişafına investisiyaların cəlbi üçün çağırışları və imkanları araşdırır ki, bu da CAREC ölkələrinin sosial və iqtisadi inkişafına töhfə vermək məqsədi daşıyır”, – deyə o qeyd edib.
Jukov vurğulayıb ki, mövcud layihələrlə yanaşı, AİB 2025–2028-ci illər ərzində bu dəhliz boyunca avtomobil yollarının yenidən qurulması, dəmir yolu infrastrukturunun modernləşdirilməsi və islahatların həyata keçirilməsini əhatə edən bir sıra təşəbbüsləri həyata keçirməyi planlaşdırır.
“AİB eyni zamanda şəhər və turizm inkişafı sahəsinə aid layihələrin perspektivlərini, eləcə də rəqəmsal həllərlə Orta dəhliz boyunca bu marşrutun iqtisadi dəhlizə çevrilməsi məqsədilə sərhəd keçid məntəqələrinin təkmilləşdirilməsi istiqamətində layihə imkanlarını nəzərdən keçirir”, -deyə o əlavə edib.