Bakı. Trend:
Azərbaycan qlobal poçt sisteminin inkişafına aktiv töhfə verməyə can atır və bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirməyə hazırdır.
Trend xəbər verir ki, bunu Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən Avropa və MDB ölkələrinin Poçt Liderlərinin I Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan Ümumdünya Poçt İttifaqının (ÜPİ) İdarəetmə Şurası və Poçt Əməliyyatları Şurasına rəsmi namizədliyini irəli sürüb. Həmin orqanlara seçkilər 2025-ci il sentyabrın 7-dən 19-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək ÜPİ-nin 28-ci Konqresi çərçivəsində baş tutacaq.
“Azərbaycan poçt sektorunun səmərəli fəaliyyətini təmin etməyə yönəlmiş əsas təşəbbüslərin həyata keçirilməsinə töhfə verməkdə maraqlıdır. Biz qlobal poçt şəbəkələrinin möhkəmləndirilməsi və universal xidmət standartlarının artırılması məqsədilə beynəlxalq tərəfdaşlarla əməkdaşlığa can atırıq”, – deyə S.Məmmədov vurğulayıb.
Nazir müavini forumun gündəliyinə daxil edilən mövzuların aktuallığını da qeyd edib:
“Elektron ticarət, innovasiyalar, logistika və rəqəmsal transformasiya – bunlar müasir poçt sektorunun inkişafı üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdir”.
Azərbaycanın prioritetlərindən danışan Samir Məmmədov beynəlxalq əməkdaşlığın vacibliyini önə çəkib:
“Biz ikitərəfli və çoxtərəfli formatlarda beynəlxalq əməkdaşlığa xüsusi önəm veririk. Ümumdünya Poçt İttifaqının effektiv, inklüziv və dayanıqlı qlobal poçt xidmətlərinin təşviqində mühüm rolunu xüsusilə vurğulamaq istərdik”.
S.Məmmədov, həmçinin, Azərbaycanın ÜPİ-dəki fəaliyyətinə verdiyi töhfədən də söz açıb:
“Azərbaycan 1993-cü ildən etibarən Ümumdünya Poçt İttifaqının üzvüdür. Hazırda milli poçt operatoru “Azərpoçt” dünyanın 173 ölkəsi ilə əməkdaşlıq edir, onlardan 126-sı ilə qeydiyyatlı göndərişlər üzrə birgə əməliyyatlar həyata keçirir”.