Bakı. Trend:
Ötən il Biznesin İnkişafı Fondu ümumi dəyəri 248 milyon manat olmaqla 5 722 layihəni maliyyələşdirib.
Trend xəbər verir ki, bunu Biznesin İnkişafı Fondunun İdarə Heyətinin sədr müşaviri Namiq Zeynalov Bakıda keçirilən sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") üçüncü günü çərçivəsində təşkil olunan 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, fond tərəfindən keçən il müxtəlif regionlar üzrə 200-dən artıq layihəni maliyyələşdirilib: "Məbləğ olaraq ifadə etsək, bu layihələrə 1,5 milyon manat sərf etdik. 2024-cü ildə Biznesin İnkişafı Fondu olaraq bütövlükdə ümumi dəyəri 248 milyon manat olmaqla 5 722 layihəni maliyyələşdirdik. Bunun 5 400-ü sırf kənd təsərrüfatına yönəldilmiş layihələrdir ki, onlara da 132 milyon manat sərf edilib. Bu, onun göstərir ki, fondun kənd təsərrüfatına konsentrasiyası yüksəkdir".
"Ancaq bizim digər məsələlər də maraqlandırır. Biz istərdik ki, növbəti bir mərhələyə - emal, istehsal prosesi üzrə də fondun vəsaitinə tələb artsın. Reallıqdır ki, bu gün istehsal sahəsinə kommersiya banklarının verdiyi vəsaitlər bir o qədər də uğurlu olmur və həmin vəsaitlərin geri ödənişi sahibkarlar üçün müəyyən qədər çətinlik yaradır.
Biz Biznesin İnkişafı Fondu olaraq emal sahəsinə də xüsusi diqqət yetirilməsinin marağındayıq", - deyə N.Zeynalov qeyd edib.