Bakı. Trend:
Üsküdar Universiteti olaraq Bakı Dövlət Universiteti ilə əməkdaşlığımızı yüksək dəyərləndirir və bu əməkdaşlıq çərçivəsində bir çox ortaq layihəni həyata keçirməyi hədəfləyirik.
Trend xəbər verir ki, bunu Üsküdar Universitetinin rektoru Nazife Güngör “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, qarşılıqlı inam və dostluq prinsiplərinə əsaslanan bu əməkdaşlıq yalnız akademik sahədə deyil, həm də iki xalq arasında olan mədəni və mənəvi bağları daha da möhkəmləndirir:
“Bu konfrans çərçivəsində onlayn olaraq 200-dən çox məruzəçinin iştirakı nəzərdə tutulur. Bu isə bizə göstərir ki, elm, təhsil və araşdırma sahəsində maraq və dinamik əməkdaşlıq sürətlə genişlənməkdədir. Türkiyə və Azərbaycan arasındakı əlaqələr sadəcə siyasi münasibətlərlə məhdudlaşmır. Bu əməkdaşlıq elm, təhsil, mədəniyyət və digər sahələrdə də özünü göstərir. Təhsildəki əməkdaşlıq isə xüsusilə önəmlidir, çünki bizi çağdaş dünyaya inteqrasiya edən, gələcəyimizi formalaşdıran əsas amillərdəndir”.
Onun sözlərinə görə, Üsküdar Universiteti və Bakı Dövlət Universiteti birgə addımlar ataraq ortaq təhsil modelləri, akademik mübadilə proqramları və elmi layihələrlə gələcəyə birlikdə irəliləməyi məqsəd qoyub.
“Azərbaycanın və Türkiyənin müstəqillik hekayələri bir-birinə çox bənzəyir. Çünki bizim köklərimiz, tariximiz və mədəniyyətimiz ortaqdır. Bu ortaq kimlik bizi bir ailə kimi yaxınlaşdırır və təhsildə atdığımız hər bir addımı daha da mənalı edir”, - deyə rektor qeyd edib.