...

Regionun iqtisadi inkişafı üçün İran və Azərbaycanın böyük potensialı var – Vali (ÖZƏL)

İqtisadiyyat Materials 15 May 2025 08:00 (UTC +04:00)
Regionun iqtisadi inkişafı üçün İran və Azərbaycanın böyük potensialı var – Vali (ÖZƏL)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Regionun iqtisadi inkişafı üçün İran və Azərbaycanın əvəzolunmaz böyük potensialı var.

Bunu Trend-ə özəl müsahibəsində İranın Qərbi Azərbaycan vilayətinin valisi Rza Rəhmani deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan arasında aktivləşdirilməsi vacib olan bir çox imkanlar mövcuddur:

"İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində azərbaycanlı iş adamları ilə bir sıra faydalı görüşlər təşkil olundu. Həmin görüşlərdə qeyd edildi ki, iki ölkə arasında əlaqələr və iqtisadi münasibətlərin inkişaf etdirilməsindən başqa, yeni perspektivlər də mövcuddur".

Rəhmani deyib ki, İranın Əfqanıstan, Pakistan, İranın cənubunda yerləşən ərəb ölkələri ilə ticarət və iqtisadi sahələrdə əməkdaşlıq mövcuddur və yeni perspektivləri var.

"Azərbaycan tərəfdən isə Rusiya və başqa ölkələrdə ticarət üzrə əməkdaşlıq imkanları var. Deməli, bu istiqamətdə iki perspektiv var. Birincisi, İran və Azərbaycan arasında əlaqələr və ticarətin yüksəldilməsi, ikincisi isə İran və Azərbaycan üzərindən hər iki ölkəyə qonşu ölkələrlə ticarət mübadilələrinin artırılması. Bu da regional iqtisadi imkanları, tranzit və yükdaşımanı, ticarət dövriyyəsinin artmasında öz rolunu oynaya bilər”, -deyə o qeyd edib.

İranlı vali əlavə edib ki, ümumilikdə İran və Azərbaycanın regionda iqtisadi və digər sahələrdə maraqlarını təmin edəcək ortaq mənafeyi var.

"İranın Azərbaycanla sərhəd bölgələrində 4 vilayət (Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Gilan) yerləşir. Qərbi Azərbaycan vilayətinin Azərbaycanla təxminən 150 kilometr uzunluğunda sərhədi var. Bu sərhəd Naxçıvan Muxtar Respublikası ilədir. Bu sərhəddə rəsmi gömrük məntəqəsi fəaliyyət göstərir. Bununla yanaşı, Araz Su Anbarı iki ölkənin iqtisadi əlaqələrinin inkişafında müsbət təsirə malikdir.

Hazırda daha önəmli layihələrdən biri olaraq İran, Azərbaycan və Türkiyə arasında dəmiryolu üzrə layihə diqqət mərkəzindədir. Bu üç ölkənin birgə sərhədlərində birləşəcək dəmiryolu xətti böyük önəm kəsb edir. Sözgedən dəmiryolu xətti həm bölgənin inkişafı, həm də yükdaşımada böyük inkişafa öz töhfəsini verə bilər. Bu dəmiryolu xətti Şərq-Qərb Dəhlizi çərçivəsində fəaliyyəti göstərə bilər. Şərq-Qərb dəhlizi üzrə dəmiryolu xəttinin bir marşrutu Xəzər dənizi kənarı ilə şimal istiqamətinə yönəlir.

İkinci marşrutu isə İranın Qərbi Azərbaycan vilayətində həm Naxçıvana, həm də Türkiyəyə davam edə biləcək dəmiryolu xəttidir. Hazırda Türkiyə tərəfində təxminən 230 km uzunluğunda olan Qarsdan sərhədədək dəmiryolu tikintisi davam etdirilir. İranın Qərbi Azərbaycan vilayətində də Mərənddən Evoğluna qədər dəmiryolu tikilərsə, Naxçıvanın dəmiryolu xətti də sözügedən dəmiryolu xəttinə birləşərsə, bu dəmiryolu ilə Avropaya və əks istiqamətdə yükləri daşımaq imkanı yaranacaq. Fikrimcə, üç ölkənin bu ortaq dəmiryolu xətti həm Azərbaycan, İran və Türkiyə üçün, həm də bölgə üçün faydalı olacaq və geniş iqtisadi perspektivlər açacaq”, - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti