Bakı. Trend:
Biz Azərbaycan kənd təsərrüfatı haqqında daha çox məlumat toplamaq və həmçinin tərəfdaş tapmaq istəyirik.
Bunu Trend-ə açıqlamasında Çinin "Shandong Binnong Technology" şirkətinin baş meneceri Harvey Qi deyib.
O, əvvəlcə təmsil etdiyi şirkət barədə danışıb: "Çin şirkəti "Shandong Binnong Technology" olaraq aqrokimyəvi məhsullar üzrə əsas istehsalçıyıq. Müxtəlif növ herbisidlər, insektisidlər və funqisidlər istehsal edirik. Hal-hazırda məhsullarımızı artıq 90-dan çox ölkəyə ixrac edirik.
Biz yüksək keyfiyyətli məhsullar təqdim edirik və eyni zamanda rəqabətqabiliyyətli qiymətlər təklif edirik. Çünki biz kənd təsərrüfatı sahəsində çalışırıq və bilirsiniz ki, kənd təsərrüfatı hər bir ölkə üçün əsas sənaye sahəsidir. Odur ki, aqrokimyəvi məhsullar üzrə yüksək keyfiyyət və rəqabətqabiliyyətli qiymət çox vacibdir".
"Azərbaycandakı şirkətlərlə də əməkdaşlıq etməyi planlaşdırırıq. Buraya da məhz bu səbəbdən gəlmişik. Bu sərgi haqqında ilk dəfədir məlumat alırıq və bu sərgidə iştirakımız da ilk dəfədir. Azərbaycan kənd təsərrüfatı haqqında daha çox məlumat toplamaq və həmçinin tərəfdaş tapmaq istəyirik", - deyə şirkətin baş meneceri qeyd edib.