Bakı. Trend:
Çinin aqrokimyəvi maddələr istehsalçısı olan korporasiyası Azərbaycan bazarına çıxmaq üçün tərəfdaş axtarır.
Bunu Bakıda keçirilən sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") çərçivəsində Trend-ə açıqlamasında "Jiangsu Inter-China Group" şirkətinin baş meneceri Jian Zhanq deyib.
O, əvvəlcə təmsil etdiyi şirkət barədə məlumat verib və Azərbaycana ilk səfərinin olduğunu bildirib:
"Biz Çində aqrokimyəvi maddələr və biotədqiqat materialları sahəsində aparıcı elmi-tədqiqat istehsalçısı və təchizatçısıyıq.
Bu gözəl ölkəyə ilk səfərimizdir. Buraya yalnız yerli tərəfdaş axtarmaq məqsədilə gəlmişik. Əslində, yerli tərəfdaşla əməkdaşlıq formasını konkret olaraq bilmirik, lakin ilkin mərhələdə məhsullarımızı təqdim etməklə başlaya bilərik".
Şirkət nümayəndəsi Azərbaycanla əməkdaşlıq imkanlarından da bəhs edib: "Məhsullarımız Azərbaycan şirkətləri və bazarı tərəfindən uyğun və qəbulolunan hesab olunarsa, düşünürəm ki, növbəti addım olaraq əməkdaşlıq forması barədə müzakirə apara bilərik.
Digər ölkələrlə əməkdaşlıq etdiyimiz kimi, Azərbaycanla da istər distribusiya, istərsə də birgə müəssisə şəklində istehsal olsun – bütün bu əməkdaşlıq formaları müzakirə üçün açıqdır".
