Bakı. Trend:
Niderlandın istixanaların işıqlandırılması üzrə ixtisaslaşmış “NLIGHT” şirkəti Azərbaycanda yeni işgüzar təmaslar quracağına ümid edir.
Bunu Trend-ə “NLIGHT” şirkətinin baş direktoru Aleksey Kurbanayev Bakıda sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") çərçivəsində verdiyi açıqlamada bildirib.
“Şirkətimiz istixanalarda bitkilərin əlavə işıqlandırılması üçün lampaların istehsalı üzrə ixtisaslaşıb. Bu, Azərbaycana ilk səfərimizdir və biz burada yeni biznes əlaqələri quracağımıza, potensial müştərilər tapacağımıza ümid edirik. Artıq sahənin əsas təmsilçiləri ilə tanış olmuşuq və sərgidə gələn il də iştirak edəcəyimizə ümidvarıq”, – deyə o bildirib.
Baş direktorun sözlərinə görə, əlavə işıqlandırma xüsusən pomidor və xiyar becərilməsində böyük tələbat görür Bu, müasir istixana təsərrüfatlarına mövsümü uzatmağa və məhsulu ixrac bazarlarına çıxarmağa imkan verir. Bu texnologiyalar sayəsində tərəvəzlərin ilboyu becərilməsi mümkün olur.
Qeyd edək ki, bu gün 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – (Caspian Agro) və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan”ın ikinci günü başlayıb.
Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edən builki “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir.
Sərgilərə Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri Lanka, Türkiyə, Türkmənistan və Yunanıstandan şirkətlər qatılıb. Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir Milli Qrupları sərgidə kənd təsərrüfatı və qida sənayesi məhsullarını nümayiş etdirirlər.