Bakı. Trend:
Azərbaycan enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrinin inkişafı və enerji sektorunun müasirləşdirilməsi sahəsində qanunvericilik və normativ bazanı fəal şəkildə gücləndirir.
Trend xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Londonda keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) illik toplantısı çərçivəsində “Azərbaycan: yaşıl inkişaf və dayanıqlı bağlantı üçün yeni imkanlar” mövzusunda panel müzakirəsində çıxış edərkən bildirib.
Soltanov hazırda hazırlıq mərhələsində olan üç əsas qanunvericilik təşəbbüsünü vurğulayıb: bunlar istilik təchizatı, qaz təchizatı və tənzimləmə ilə bağlı qanunlardır.
“Xüsusilə istilik təchizatı haqqında qanunu qeyd etmək istərdim. Bu qanunda hazırda Azərbaycanda geniş yayılmamış mərkəzləşdirilmiş istilik sistemlərinin inkişafına xüsusi diqqət ayrılır. Həmçinin, burada enerji səmərəliliyi və istilik nasosları kimi yeni texnologiyaların tətbiqindən söhbət gedir. Məhz bu, yeni qanunvericiliyin əsas ideyasını təşkil edir”.
Onun sözlərinə görə, hazırda hazırlanmaqda olan tənzimləmə haqqında qanun da mühüm əhəmiyyət kəsb edir.
“Bu qanun irəliyə doğru mühüm addım olacaq, çünki o, Azərbaycanın tənzimləyici agentliyinin fəaliyyətinin genişləndirilməsinə və gücləndirilməsinə, o cümlədən real xərclərə əsaslanan tarif sisteminin formalaşdırılmasına imkan verəcək”, – deyə Soltanov qeyd edib.
Qəbul olunmuş qanunlar arasında o, xüsusilə bərpa olunan enerji mənbələri haqqında qanunu vurğulayıb.
“Biz 2030-cu ilə qədər bərpa olunan mənbələrdən əldə olunan gücün 30 faizi ötəcəyini gözləyirik. Əlbəttə ki, artıq 2028-ci ilə qədər bu göstəricinin təxminən 32 faizə çatmasını planlaşdırırıq”, - o əlavə edib.
Enerji səmərəliliyi haqqında qanundan danışan Soltanov onu ölkə üçün “keyfiyyətcə yeni” adlandırıb:
“Hazırda biz bir sıra qanun aktları üzərində işləyirik – binaların, məişət texnikasının sertifikatlaşdırılması, enerji auditi məsələləri üzrə, – deyə o izah edib. – Həmçinin biz enerji səmərəliliyi fondu yaratmışıq və bu fond dayanıqlı maliyyə bazasına malikdir: onun maliyyələşməsi fosil yanacaqlara tətbiq edilən vergi hesabına təmin olunur”.
Soltanov enerji səmərəliliyini “yeni enerji mənbəyi” adlandıraraq qeyd edib ki, sovet dövründən qalan səmərəsiz tikinti irsi fonunda bu sahədə böyük potensial mövcuddur:
“Bəli, bu bir çağırışdır, lakin eyni zamanda ciddi bir fürsətdir – çünki bu sahədə indiyə qədər demək olar ki, heç nə edilməyib. Biz bu istiqamətdə çox ruhlanmışıq. Artıq qarşıdakı aylarda, illəri demirəm, siz Energetika Nazirliyindən enerji səmərəliliyi ilə bağlı daha müntəzəm xəbərlər eşidəcəksiniz – digər mövzulardan daha çox”.