...

Azərbaycan - Albaniya: enerji və onun hüdudlarından kənarda strateji tərəfdaşlığın yeni üfüqləri

Siyasət Materials 14 May 2025 21:00 (UTC +04:00)
Azərbaycan - Albaniya: enerji və onun hüdudlarından kənarda strateji tərəfdaşlığın yeni üfüqləri
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın uğurlu əməkdaşlıq coğrafiyası, yeni regionları əhatə etməklə və ənənəvi tərəfdaşlarla əlaqələrini möhkəmləndirməklə genişlənməyə davam edir. Belə istiqamətlərdən biri də Balkan regionudur ki, orada Albaniya Respublikası ilə ikitərəfli münasibətlərin inkişafı xüsusi yer tutur.

Azərbaycan ilə Albaniya arasında 22 sentyabr 1993-cü ildə diplomatik münasibətlər qurulduğu vaxtdan bəri iki ölkə arasında əməkdaşlıq mərhələli şəkildə möhkəmlənmiş və son illərdə dinamik və çoxşaxəli xarakter almışdır. Siyasi təmasların qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə marağın artması ilə müşayiət olunan sabit dinamikası müşahidə olunmaqdadır.

Azərbaycan və Albaniya arasında dostluq əlaqələrinin əsasını qarşılıqlı etimad və hörmət prinsipləri təşkil edir. İkitərəfli dialoq çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün ən böyük potensiala malik əsas istiqamətlər artıq müəyyən edilib. Hər iki ölkənin diqqət mərkəzində iqtisadi əməkdaşlıq dayanır, burada enerji sektoru prioritet istiqamətlərdən biri kimi xüsusi yer tutur.

Transadriatik qaz kəmərinin (TAP) tikintisinin başa çatması enerji əməkdaşlığının möhkəmlənməsində strateji mərhələ olmuş, Albaniyanın öz enerji infrastrukturunu inkişaf etdirməsi üçün əlavə imkanlar yaratmışdır. Bu istiqamətdə mühüm addımlardan biri də iki ölkə arasında Albaniyanın qazlaşdırılması üzrə Baş Plan barədə Anlaşma Memorandumunun imzalanması olub və bu sənəd çərçivəsində Azərbaycan əsas tərəfdaş kimi nəzərdən keçirilir.

Albaniya Azərbaycanın enerji resurslarına çıxışda maraqlı olan ölkələr sırasında aparıcı mövqelərdən birini tutur. Cənub Qaz Dəhlizinin (CQD) tranzit ölkələrindən biri olmasına baxmayaraq, Albaniya müvafiq daxili infrastrukturun olmaması səbəbindən hələ ki, Azərbaycan qazını qəbul edə bilmir.

Bu əngəli aradan qaldırmaq üçün Albaniya Vlora İES-ni TAP ilə birləşdirəcək qaz kəməri tikməyi və həmçinin mayeləşdirilmiş təbii qaz (LNG) terminalının inşasını nəzərdən keçirir. Bu addımlar həm Albaniyanın, həm də bütövlükdə regionun enerji təhlükəsizliyinin artırılmasına yönəlib.

TAP layihəsində iştirak Albaniya üçün mühüm strateji üstünlüyə çevrilmişdir. Layihə ölkəyə həm iqtisadi, həm də geosiyasi dividentlər qazandırmış, Albaniyanın regional enerji qovşağı və tranzit dəhlizi kimi rolunu gücləndirmişdir. Gələcəkdə TAP-a qoşulacaq İon-Adriatik qaz kəməri (IAP) layihəsinin həyata keçirilməsi Albaniyaya Cənub-Şərqi Avropa ölkələri üçün qazpaylayıcı mərkəz kimi mövqelərini daha da möhkəmləndirməyə imkan verəcək.

Albaniya artıq qaz üçün tranzit ölkədir, lakin məqsədi həm daxili, həm də regional tələbat üçün qaz qəbul edən və nəql edən ölkəyə çevrilməkdir. Bu kontekstdə Albaniya Azərbaycanın regional enerji layihələrinin inkişafına yönəlmiş səylərini yüksək qiymətləndirir və bu təşəbbüsləri Qərbi Balkan ölkələri arasında əlaqələrin gücləndirilməsi və onların enerji təhlükəsizliyinin artırılması vasitəsi kimi görür.

TAP konsorsiumunun planlarına əsasən, 2026-cı ildən etibarən kəmərin ötürmə qabiliyyəti illik 1,2 milyard kubmetr artırılacaq ki, bu da Albaniyaya ildə təxminən 200 milyon kubmetr qazın tədarükünə başlamağa imkan verəcək.

Paralel olaraq, Azərbaycanın SOCAR şirkəti ilə Korça şəhərinin qazlaşdırılması və Dümre bölgəsində yeraltı qaz anbarından istifadə imkanlarının araşdırılması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunur.

2025-ci ilin mart ayında Albaniyanın qaz xidmət şirkəti “AGSco” TAP qaz kəmərinin Albaniya ərazisində yerləşən infrastrukturunun qiymətləndirilməsi məqsədilə “Tech Inspect” şirkəti ilə 42 milyon lek (təxminən 443 min ABŞ dolları) məbləğində müqavilə imzalamışdır. İşlərin 2025-ci ilin sentyabrına qədər tamamlanması planlaşdırılır. TAP-ın Albaniya üzrə istismarına cavabdeh olan “AGSco” şirkətinin 75 faizi Albaniya hökumətinə, 25 faizi isə İtaliyanın dövlət şirkəti “Snam”a məxsusdur.

İon-Adriatik qaz kəmərinə (IAP) gəlincə, onun ümumi uzunluğu təxminən 511 kilometr təşkil edəcək. Bunun 96 kilometri Monteneqro ərazisindən, 37 kilometri isə Adriatik dənizinin dibi ilə keçəcək. Kəmərin ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetr təşkil edəcək: Albaniya və Bosniya və Herseqovina hər biri 1 milyard kubmetr, Monteneqro 0,5 milyard kubmetr, qalan 2,5 milyard kubmetr isə Xorvatiya və Mərkəzi Avropa ölkələri üçün nəzərdə tutulur.

TAP Konsorsiumu artıq IAP layihəsinin əsas tərəfdaşları – “Plinacro” (Xorvatiya), “BH-Gas” (Bosniya və Herseqovina), “GeoplinPlinovodi” (Sloveniya) şirkətləri, eləcə də Monteneqro və Albaniya hökumətləri ilə Anlaşma və Əməkdaşlıq Memorandumları imzalayıb.

Energetika sahəsində fəal əməkdaşlıqla yanaşı, Azərbaycan və Albaniya ikitərəfli əlaqələrin inkişafı üçün böyük potensiala malik bir sıra başqa istiqamətləri də müəyyənləşdiriblər. Bunlara turizm, aqrar-sənaye sektoru, ərzaq təhlükəsizliyi, nəqliyyat, ticarət, mədəniyyət, təhsil və səhiyyə daxildir.

Azərbaycan albaniyalı şirkətləri Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı işlərində, eləcə də “Ələt” Azad İqtisadi Zonası və Xəzər dənizi vasitəsilə “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən layihələrdə iştirak etməyə dəvət edib.

Öz növbəsində, azərbaycanlı investorlar Albaniyada turizm, kənd təsərrüfatı və digər sahələri əhatə edən investisiya layihələrini ciddi şəkildə nəzərdən keçirməyə hazır olduqlarını bildiriblər.

İqtisadi əməkdaşlığın institusionalşdırılması istiqamətində mühüm addım 2023-cü ilin may ayında Albaniya və Azərbaycan arasında iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə birgə işçi qrupunun iclasının keçirilməsi olub. Bu işçi qrupunun yaradılması qarşılıqlı strateji maraq doğuran sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi üçün əsas addım kimi qiymətləndirilir. Hökumətlərarası komissiyanın yaradılması isə iki ölkə arasında yüksək səviyyəli konstruktiv dialoq və qarşılıqlı anlaşmanın göstəricisidir.

2024-cü il martın 1-də Azərbaycan Respublikasının Hökuməti ilə Albaniya Respublikasının Nazirlər Şurası arasında İqtisadi Əməkdaşlıq haqqında Saziş imzalanıb. Sənəddə ticarət, investisiya, energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, turizm, ətraf mühitin mühafizəsi və humanitar sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

2024-cü ilin yekunlarına görə, Azərbaycan ilə Albaniya arasında ticarət dövriyyəsi 2,455 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin müvafiq göstəricisi ilə (1,527 milyon dollar) müqayisədə təxminən 61% artım deməkdir.

İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımlardan biri də ötən ildən etibarən Azərbaycan və Albaniya arasında vizasız rejimin tətbiq olunmasıdır. Bu addım yalnız turizm mübadiləsinin artmasına deyil, eyni zamanda biznes əlaqələrinin inkişafı üçün də daha əlverişli şəraitin yaradılmasına xidmət edir. Viza rejiminin ləğvi iki xalq arasında yaxınlaşmanın əlavə stimulu olaraq, mədəni və iqtisadi əlaqələrin genişlənməsi üçün yeni imkanlar açır.

Diplomatik münasibətlərin inkişafında əlamətdar hadisələrdən biri də səfirliklərin açılmasıdır. Bu addım siyasi dialoqun dərinləşdirilməsi və əməkdaşlıq sahələrinin genişləndirilməsi niyyətinin təzahürüdür.

Humanitar əlaqələr də aktivləşməkdədir. 2023-cü ilin sentyabr ayında Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Albaniyada Azərbaycan Mədəniyyəti Həftəsi müvəffəqiyyətlə keçirilib. Bu kimi tədbirlər Azərbaycan mədəniyyəti və ənənələrinin təbliğinə, eləcə də ölkələr arasında mədəni dialoqun inkişafına töhfə verir.

İkitərəfli əməkdaşlıq gündəliyində qarşılıqlı səfərlər xüsusi yer tutur. Albaniya nümayəndələrinin Bakıda keçirilən əsas beynəlxalq tədbirlərdə – Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclasında, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29), habelə Bakı Qlobal Forumunda iştirakı bu ölkənin regional və qlobal proseslərdə fəal iştirak marağını, həmçinin Azərbaycanla müxtəlif formatlarda əməkdaşlığın genişləndirilməsinə yönəlmiş niyyətini nümayiş etdirir.

Bu kontekstdə 2022-ci ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniyaya səfəri xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirilib, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Azərbaycan-Albaniya münasibətlərinin əsas xüsusiyyətlərindən biri də ikitərəfli və beynəlxalq səviyyədə yüksək siyasi qarşılıqlı dəstəkdir. Hər iki ölkə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə həmrəylik və dəstək nümayiş etdirərək, beynəlxalq hüququn prinsiplərinə, suverenlik və ərazi bütövlüyünə sadiqliklərini təsdiqləyirlər.

Bu kontekstdə 2023-cü il iyulun 7-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Albaniya Prezidenti Bayram Beqay arasında birgə mətbuat bəyanatı zamanı səsləndirilmiş açıqlamalar xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı bildirib ki, iki ölkə dostluq və qarşılıqlı dəstəyə əsaslanan münasibətlərdə xüsusi dinamika yaradıblar:

“Biz beynəlxalq təşkilatlarda fəal çalışırıq, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə dəstək veririk. Eyni zamanda, biz Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya çox minnətdarıq. Ötənilki Frankofoniya Sammitində Azərbaycana verdiyi dəstəyə görə mən cənab Prezidentə və Albaniya hökumətinə artıq öz minnətdarlığımı bildirdim. O vaxt Frankofoniya təşkilatının üzv dövlətlərindən biri yekun sənədə bir bəndi əlavə etmək və qəbul etdirməyə cəhd göstərdi. Bu, anti-Azərbaycan mahiyyəti olan bənd idi.

Albaniya həmin bəndi bloklayan ölkə oldu. Həmin addım dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü oldu. Hətta Azərbaycan özünü müdafiə etmək fürsətinə malik olmadığı təşkilatlarda belə, bizim Albaniya kimi qardaş ölkəmiz var və o, bu dəstəyi verdi. Buna görə biz çox minnətdarıq”, -deyə Prezident İlham Əliyev bildirib.

Albaniya daim Azərbaycanın ərazi bütövlüyünü və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını dəstəkləyib.

Siyasi dəstəklə yanaşı, iki ölkə arasında həmrəyliyin mühüm nümunələrindən biri də 26 noyabr 2019-cu ildə baş vermiş dağıdıcı zəlzələdən sonra Azərbaycanın Albaniyaya göstərdiyi humanitar yardımdır. Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Albaniyaya təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün 500 min avro məbləğində maliyyə yardımı ayırıb. Bu dəstək jesti Azərbaycan-Albaniya münasibətlərinin çətin anlarda qarşılıqlı yardım və həmrəyliyə əsaslandığını bir daha nümayiş etdirdi.

Son illərdə Azərbaycan ilə Albaniya arasında əməkdaşlıq geniş və davamlı inkişaf dinamikası nümayiş etdirir. Bu əməkdaşlıq energetika və iqtisadiyyatdan tutmuş humanitar sahəyə və beynəlxalq əlaqələrə qədər bir çox istiqamətləri əhatə edir. Ölkələrin tərəfdaşlığın dərinləşdirilməsi səyləri qarşılıqlı etimada, siyasi dəstəyə və beynəlxalq hüququn prinsiplərinə hörmətə əsaslanır.

Azərbaycan və Albaniya göstərirlər ki, ikitərəfli münasibətlər regional sabitlik və enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm amil ola bilər. Birgə infrastruktur layihələrinin həyata keçirilməsi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, humanitar və mədəni mübadilənin inkişafı hər iki ölkə üçün yeni üfüqlər açır.

Dəyişən regional və qlobal kontekstdə Azərbaycan və Albaniya qarşılıqlı faydalı əməkdaşlıq və həmrəylik ruhunda gündəmi birgə müəyyənləşdirməyə davam edir, dialoqun dərinləşməsi və birgə layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradırlar. Bu isə təkcə iki ölkənin deyil, eyni zamanda bütün Balkan və Cənubi Qafqaz regionlarının maraqlarına cavab verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti