...

Maliyyə innovasiyaları və texnologiyaları - islam maliyyəssinin əlçatanlığının genişləndirilməsi üçün bir açardır - Əlcəzair bankının rəhbəri

İqtisadiyyat Materials 20 May 2025 14:46 (UTC +04:00)
Maliyyə innovasiyaları və texnologiyaları - islam maliyyəssinin əlçatanlığının genişləndirilməsi üçün bir açardır - Əlcəzair bankının rəhbəri
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

Maliyyə innovasiyaları və texnologiyaları İslam maliyyəsinin əlçatanlığının genişləndirilməsi üçün bir açardır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Əlcəzair Bankının rəhbəri Səlah Əd-Din Talib İslam İnkişaf Bankının “İslam maliyyələşməsində rəqəmsal keçid və maliyyə inklüziyası” şüarı altında Əlcəzairdə keçirilən İslam Maliyyələşməsi üzrə 19-cu Qlobal Forumunun açılış mərasimində etdiyi çıxışda deyib.

“Regionda və qlobal səviyyədə maliyyə sahəsində sürətli texnoloji dəyişikliklər baş verir. Bu dəyişikliklər dayanıqlı iqtisadi inkişafın əsas sütunlarından biri kimi inklüziv və davamlı artıma yönəlmiş meyllərin güclənməsi ilə müşayiət olunur.

Qlobal iqtisadiyyat bir sıra sarsıntılardan sonra sabitləşmə əlamətləri göstərməyə başlayıb, baxmayaraq ki, artım tempi əvvəlki illərlə müqayisədə aşağıdır. Bununla belə, bu hal investorların gözləntilərini dəyişib – xüsusilə də görünməmiş səviyyəyə çatan davam edən qeyri-müəyyənlik fonunda. Bu isə, öz növbəsində, 2025-ci il üçün iqtisadi artım proqnozunun ilkin gözləntilərlə müqayisədə 3,3 faizdən 2,8 faizə endirilməsinə səbəb olub”, – deyə o bildirib.

Talib qeyd edib ki, Əlcəzair son illərdə layihələrin həyata keçirilməsi üçün əlverişli biznes mühiti və güclü investisiya səyləri sayəsində davamlı iqtisadi artım nümayiş etdirir.

“Bunu həm statistik göstəricilər, həm də beynəlxalq qurumların hesabatları sübut edir. Belə ki, 2023-cü ildə Əlcəzair iqtisadiyyatı 4,1 faiz artıb, 2024-cü ilin ilk doqquz ayında isə artım tempi 3,3 faiz təşkil edib. Bu nəticələr hökumətin gördüyü etibarlı tədbirlərlə izah olunur – o cümlədən valyuta ehtiyatlarının artırılması, tədiyyə balansında tarazlığın qorunması və xarici maliyyə mövqeyinin sabit saxlanılması. Bunun nəticəsində Əlcəzair inflyasiyaya nəzarəti saxlamaqla iqtisadi artımı dəstəkləyən tarazlaşdırılmış pul və büdcə siyasəti həyata keçirməyə nail olub”, – deyə o əlavə edib.

Bank rəhbəri bildirib ki, 2024-cü ilin sonuna qədər Əlcəzairdə milli səviyyədə təxminən 900 açıq İslam maliyyəsi pəncərəsi və 100-dən çox ixtisaslaşmış və sertifikatlaşdırılmış şöbə fəaliyyət göstərib.

“İslam maliyyə məhsullarına gəlincə, İslam cari, əmanət və investisiya hesablarının sayı 600 mini keçib, əmanətlərin həcmi isə təxminən 1000 milyard Əlcəzair dinarına çatıb ki, bu da 2023-cü illə müqayisədə 17,6 faiz artım deməkdir. İslam maliyyələşdirilməsinin həcmi də əhəmiyyətli dərəcədə artaraq 530 milyard dinarı ötüb və bu, əvvəlki illə müqayisədə 15,6 faiz artımı göstərir. Bu göstəricilər müştərilərin artan etimadını və İslam maliyyə məhsullarına olan marağını əks etdirir”, – deyə o vurğulayıb.

Talib qeyd edib ki, İslam maliyyə sektorundakı bu irəliləyişlər qlobal təzyiqlər, beynəlxalq bazarlardakı dəyişkənlik, geosiyasi gərginliklər və COVID-19 pandemiyasının nəticələri də daxil olmaqla bir sıra çağırışlarla müşayiət olunan çətin iqtisadi və maliyyə kontekstində baş verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti