...

İslam İnkişaf Bankının sədri orta gəlirli ölkələrin əsas çağırışlarından danışdı

İqtisadiyyat Materials 21 May 2025 18:07 (UTC +04:00)
İslam İnkişaf Bankının sədri orta gəlirli ölkələrin əsas çağırışlarından danışdı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

Orta gəlirli ölkələr qlobal inkişafda həyati əhəmiyyətli rol oynayır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu İslam İnkişaf Bankının sədri Mühəmməd əl-Cəssir bankın Əlcəzairdə keçirilən İllik Toplantısı çərçivəsində "Orta gəlir tələsindən yayınmaq: IsDB-yə üzv orta gəlirli ölkələrdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatmağı sürətləndirmək” mövzusunda panel müzakirəsində çıxışı zamanı bildirib.

“Bu ölkələrdə dünya əhalisinin, demək olar ki, dörddə üç hissəsi yaşayır və onlar qlobal ÜDM-in 40 faizindən çoxunu təşkil edirlər”, – deyə əl-Cəssir bildirib.

Onun sözlərinə görə, IsDB-yə üzv olan 57 ölkədən 34-ü orta gəlirli ölkə kimi təsnif olunur ki, bu da onların ümumi tərəqqidəki mühüm rolunu bir daha vurğulayır. Lakin əldə olunan nailiyyətlərə baxmayaraq, bu ölkələrin bir çoxu iqtisadi artım tempinin zəiflədiyi və yüksək gəlirli ölkə statusuna keçidin getdikcə əlçatmaz göründüyü “orta gəlir tələsi” deyilən bir vəziyyətlə üzləşir.

“1990-cı ildən bəri yalnız bir neçə ölkə bu baryeri aşa bilib – adətən, cəsarətli islahatlar aparan və dayanıqlı institutlar quran ölkələr”, – deyə IsDB rəhbəri qeyd edib.

Əl-Cəssir ən kəskin problemlər sırasında aşağıdakıları sadalayıb:

  • məhsuldarlığın aşağı olması və zəif inkişaf etmiş innovasiya ekosistemləri ilə müşayiət olunan artımın ləngiməsi,
  • strateji investisiyalar üçün imkanları məhdudlaşdıran borc yükünün artması,
  • kənd təsərrüfatı sistemlərinin və təchizat zəncirlərinin zəifliyini üzə çıxaran ərzaq təhlükəsizliyi problemləri,
  • DİM-ə çatmağı əngəlləyən güzəştli maliyyəyə məhdud çıxış.

Onun sözlərinə görə, 2030-cu ilə qədər DİM-ə nail olmaq üçün struktur dəyişikliklərinə, iqtisadiyyatda şaxələndirməyə və insan kapitalına yatırımlara əsaslanan yeni yanaşma tələb olunur. Bu isə gənclərin gələcəyin peşələrinə hazırlanmasını, sahibkarlığın və innovasiyaların təşviqini, eləcə də, iqlim dayanıqlılığının inkişaf strategiyalarına inteqrasiyasını əhatə edir.

“IsDB olaraq, biz üzv ölkələrimizi bu yolda müxtəlif maliyyə alətləri ilə dəstəkləmək öhdəliyimizə sadiqik. Lakin təkcə maliyyələşmə kifayət etmir”, – deyə əl-Cəssir əlavə edib.

O, həmçinin, qlobal maliyyə arxitekturasının islahatı istiqamətində birgə işləməyə çağıraraq qeyd edib ki, bu sistem orta gəlirli ölkələrin ehtiyaclarını və reallıqlarını daha dolğun əks etdirməlidir:

“Beynəlxalq maliyyələşmə mexanizmlərinin bu ölkələrin real çağırışları ilə daha yaxşı məlumatlı olmasını təmin etmək vacibdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti