...

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 7%-dən çox artıb

İqtisadiyyat Materials 5 Yanvar 2026 18:18 (UTC +04:00)
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 7%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 6,784 milyard ABŞ dolları təşkil edib.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 458,5 milyon ABŞ dolları və ya 7,2% çoxdur.

Məlumata əsasən, 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 4,3% artaraq 1,627 milyard ABŞ dolları, idxalının dəyəri isə 8,2% artaraq 5,157 milyard ABŞ dolları olub.

Ötən ilin 11 ayı ərzində MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 6,95%, idxalında payı isə 24,34% olub.

Hesabat dövründə Azərbaycanın MDB ölkələri üzrə ən çox ticarət dövriyyəsi ardıcıl olaraq Rusiya, Qazaxıstan və Özbəkistan ilə formalaşıb.

Bu müddətdə Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 4,508 milyard ABŞ dolları (+3%), Qazaxıstan ilə 627,2 milyon ABŞ dolları (1,5 dəfə çox), Özbəkistan ilə isə 506,6 milyon ABŞ dolları (2,3 dəfə çox) təşkil edib.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar və ya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın, 21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard dollar və ya 12,9% artıb.

Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti