Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir A.Bədəlova / "Unileasing" lizinq şirkəti 2007-ci ildə qəbul olunmuş "Fiziki şəxslər üçün minik avtomobillərinin lizinqi" (Avtolizinq) layihəsi çərçivəsində yeni şərtlərin yaradılmasının tətbiqinə başlayıb. Bu barədə bazar ertəsi şirkətin məlumatında bildirilir.
Martın 1-dən respublikada hər bir vətəndaş ona lazım olan avtonəqliyyat vasitəsini lizinq yolu ilə, avtomobilin dəyərinin 10 faizi olmaqla, ilkin ödənişlə əldə edə biləcək. Lizinqin layihə çərçivəsində müddəti 60 ay, sığorta tarifi isə 2,5 faizdir.
Layihənin şərtlərinə əsasən, maliyyələşməyə 2007-ci ilin istehsalı olan və qiyməti 11 000 manatdan az olmayan yüngül minik maşınları daxildir.
"Avtolizinq" şirkətin ən prespektli inkişaf istiqamətinə malik olan layihələrindəndir. Xüsusi təkliflərin aktiv tətbiqi, maliyyələşmədə əlverişli şərait, Azərbaycandakı aparıcı avtoistehsalla məşğul olan şirkətlərin rəsmi distribütorları ilə sıx əməkdaşlıq "Unileasing"in bazarın bu seqmentində liderlik etməsinə imkan verib. 2007-ci ilin sonu üçün "Avtolizinq" layihəsi çərçivəsində investisiyaların həcmi 1,5 mln. manat təşkil edib. 2008-ci ildə bu göstəricinin iki dəfə artırılması planlaşdırılır.