...

"Unileasing" ilin sonuna qədər regionlarda sərmayələri 9 milyon dollara çatdırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2008 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel / " "Unileasing" şirkətinin regional nümayəndəlikləri tərəfindən ümumi dəyəri 6 milyon dollardan artıq təşkil edən obyektlər lizinqə verilib. Bu barədə şirkətin cümə günü yayılan məlumatında bildirilir.

Cari ilin birinci rübünün nəticələrinə görə, "Unileasing" şirkətinin respublikanın dörd regional bölməsi (Gəncə, Lənkəran, Şəki, Quba) üzrə lizinq portfeli 4.5 milyon dollar təşkil edib. Beləliklə, regionlar üzrə plan nəzərdə tutulandan 2.7 faiz artıq yerinə yetirilib.

Ötən ilin analoji göstəricisi ilə müqayisədə şirkətin regionlar üzrə lizinq portfelinin artımı 5 dəfədən çox təşkil edib (01 aprel 2007-ci il üzrə - 868 min dollar). Bu artım şirkətin Qubada yeni bölməsinin açılmasının və respublika regionlarında apardığı fəal regional siyasətin nəticəsidir.

İlin əvvəlinə olan göstəricilərlə müqayisədə şirkətin regional portfelinin artımı 42% təşkil edib, halbuki keçən ilin analoji dövrü ərzində 17.7 faizlik artım qeydə alınıb.

Birinci rübün nəticələrinə əsasən, şirkətin regional nümayəndəlikləri tərəfindən bağlanmış müqavilələrin ümumi sayı 115 təşkil edib. Bu sazişlərə uyğun olaraq, ümumi dəyəri 6 milyon dollardan artıq olan 154 obyekt lizinqə verilib.

Cari ilin 1 aprel tarixinə olan vəziyyətə görə, şirkətin regional portfelinin lizinq obyektləri üzrə bölüşdürülməsi aşağıdakı kimidir:

- kommersiya tipli daşınmaz əmlak - 36%

- yük avtomobilləri - 19%

- tikinti texnikası - 28%

- minik avtomobilləri - 7%

- istehsalat avadanlığı - 7%

- tibbi avadanlıq - 1%

- digər - 2%

Cari ilin mart ayının sonuna olan məlumata görə, şirkətin regional bölmələri üzrə ən yaxşı göstəricilər Gəncə nümayəndəliyində qeydə alınıb. Şirkətin regional portfelinin 44 faizi məhz onun payına düşür. Şirkət portfelinin 21 faizi Lənkəran, 19 faizi Şəki, 16 faizi isə Quba bölməsinin fəaliyyəti sayəsində formalaşıb.

"Unileasing" şirkətinin regional bölmələr üzrə investisiyalarının ümumi həcmi 5 milyon dolları keçib. Şirkətin 2008-ci ilin sonuna olan strateji planına uyğun olaraq, şirkətin regionlara yatırılan sərmayələrinin ümumi həcmi 9 milyon dollar təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti