Azərbaycan, Bakı, 01 may/ Trend , müxbir S. Babayeva/ Bakı şəhərində suyun tədarükü ilə bağlı problemlər Azərbaycan paytaxtında 40 faiz sakinin suyu daimi deyil, müəyyən edilmiş qrafikə əsasən almasına səbəb olur, deyə bu həftə dövlət başçısı İlham Əliyevin sədrliyilə ölkədə su təchizatı, meliorasiya, irriqasiya və kanalizasiya sistemlərinin inkişaf layihələrinə həsr olunmuş iclasda "Azərsu" ASC-nin sədri Nizaməddin Rzayev məlumat verib. Bu barədə rəsmi mətbuatın cümə axşamı yayılmış məlumatında bildirilib.
"Şəhərin supaylayıcı şəbəkəsində müəyyən hissələrin istismar müddətinin bitməsi, binaların daxili su xətlərində böyük həcmli su itkisi, şəhər su anbarlarının kiçik tutumu, saycağ quraşdırma işlərinin tamamlanması və bir çox hallarda şəxsi evlərdə sakinlərin içməli suyu suvarma məqsədilə istifadə etməsi Bakının su təchizatında çətinliklər yaradır" - deyə Rzayev bildirib.
Onun sözlərinə görə, paytaxtın su təchizatını yaxşılaşdırmaq məqsədilə Oğuz-Qəbələ rayonları ərazisindən çəkilən su kəməri yaranmış problemi həll edəcək. Su kəməri üzrə tikinti işləri ötən ilin mart ayından başlayıb.
ASC-nin rəhbəri bildirib ki, artıq120 km uzunluğunda su kəməri tikilib, 180 kilometrlik ərazidə xidməti yollar çəkilib, paralel olaraq su kəmərinin sonunda qurğular və çay keçidləri tikilib. Hazırda Bakı şəhərində su təchizatı dörd mənbədən alınır. Şəhərin su təchizatı iki əsas sutəmizləyici qurğular kompleksi, 25 regional, 633 rayon nasos stansiyası, 1,5 min km uzunluğunda magistral xətlər və 2,9 min supaylayıcı xətt, 11 mərkəzi ( 902 min kubmetr həcmli) və 317 rayon su anbarı ( 147 min kubmetr həcmli) vasitəsilə həyata keçirilir. Bakı şəhərinə saniyədə 12,8 kubmetr su daxil olur.