Azərbaycan, Bakı, 12 may/ Trend müxbir İ.Xəlilova, A.Bədəlova/ Azərbaycan hökuməti taxıl bitkilərinin idxal ediləcəyi ölkələrin coğrafiyasını genişləndirmək niyyətindədir. Bu barədə bazar ertəsi iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.
"Bir idxalçı ölkədən asılı olmaq düzgün deyil və buna görə onların coğrafiyasını genişləndirmək lazımdır, - Babayev qeyd edib. Bununla yanaşı, Azərbaycanın taxıl ehtiyatının artırılması imkanları genişlənəcək və bu, daxili bazarda qiymətlərin azalmasına təsir edəcək".
Bununla yanaşı, nazir taxılın, o cümlədən çörəyin qiymət artımı tendensiyasını dünya prosesləri ilə əlaqələndirir. Nümunə üçün qeyd edək ki, Bolqarıstanda qiymətlər təqribən 40 faiz artıb.
"Azərbaycanda qiymət artımı ilə mübarizə daimi olaraq davam edəcək və effektli tədbirlərdən biri vergidən azad edilmədir. Hökumət bununla bağlı qəti tədbirlər görüb, - nazir bildirib. Bu, taxıl idxalının əvvəllər olduğu kimi bir il deyil, müddətsiz dövrdə vergidən azad edilməsində özünü göstərir. Belə ki, bu gün ölkə ərzaq buğdasını, əsasən, idxal edir".
Bundan əlavə, Azərbaycanda digər kənd təsərrüfatı məhsulları sırasında taxıl bitkiləri istehsalı bütün vergilərdən azad edilib (torpaq vergisindən başqa).
2008-ci ildə Azərbaycanda əvvəlki illə müqayisədə rekord həcmdə taxıl istehsalı həcmi gözlənilir. Belə ki, bu il səpin sahəsi, təqribən 130 min ha artırılaraq, 601 min ha çatdırılıb. Bu, ərzaq taxılının əlavə olaraq 300 min ton artmasını gözləməyə əsas verir. Lakin Azərbaycan hələ ölkənin taxıla olan tələbatını yerli istehsal hesabına təmin etməyə qadir deyil.
Bu il respublikada 2,5 mln. tonadək həcmdə taxıl istehsalı gözlənilir. Müvafiq olaraq, 700-800 min ton taxıl idxal ediləcək. Ötən il isə ölkəyə 1,411 min ton taxıl gətirilib.
Ötən il yerli bazarda 2 mln. ton taxıl istehsal edilib və bunun 1,3 mln. tonu ərzaq taxılının payına düşür. Ölkənin ərzaq taxılına olan illik tələbatı 1,530 mln. ton, aylıq tələbatı isə, 129,640 min ton, adambaşına düşən aylıq tələbat isə 180 kq təşkil edir. Ümumilikdə, Azərbaycanın taxıla olan tələbatı 3 mln. ton həcmində qiymətləndirilir.
Azərbaycan hökuməti 2010-cu ilə taxıl idxalından tamamilə imtina etmək niyyətindədir. Bu günə ölkəyə əsas taxıl idxalçıları kimi Qazaxıstan tədarükçüləri çıxış ediblər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]