Azərbaycan, Bakı, 22 may / Trend / Bu gün "Bank Respublika" fəaliyyətinin 16 illiyini qeyd edir. 22 may 1992-ci il tarixindən fəaliyyətə başlayan "Bank Respublika" bu illər ərzində Azərbaycanın aparıcı banklarından birinə çevrilib.
Bankın səhmdarları sırasına Almaniyanın 2 böyük maliyyə təşkilatı - KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe üzvü SIDT daxildir. Bu 2 təşkilat 2005-ci ildən etibarən "Bank Respublika"nın səhmdar kapitalının "25% + 1 səhm" paketinə sahibdirlər.
"Bank Respublika" "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin "pozitiv" proqnozlu B2 reytinqinə malikdir. Bankın B2 reytinqi "pozitiv" proqnozuna malikdir. "Bank Respublika" Azərbaycanda beynəlxalq reytinq alan ilk banklardandır və bankın reytinqi Azərbaycanın bank sektorunda ən yüksək reytinqlərdəndir.
Hazırda "Bank Respublika" müştərilərə müxtəlif bank xidmətləri göstərir - hesablaşma-kassa xidmətləri, istehlak, ipoteka və biznes kreditləri, əmanətlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, yol çekləri, bank seyflərinin icarəsi, İnternet-Bank xidməti və sair. "Bank Respublika" müştərilərlə əlaqələrini onlara faydalı olmaq prinsipi əsasında qurur. Bu həm bankın şüarında - "Sizə faydalı", həm də xidmətlərində öz əksini tapır.
"Bank Respublika" müxtəlif beynəlxalq və xarici maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın əsas istiqamətlərindən biri də sahibkarlığın kreditləşdirilməsi və ticarətin maliyyələşdirilməsi üzrə proqramların həyata keçirilməsidir. Ümumilikdə bu proqramlar üzrə "Bank Respublika" üçün 120 mln. ABŞ dollarından çox məbləğdə kredit xətləri ayrılmışdır və bu daha sərfəli şərtlərlə uzunmüddətli biznes kreditləri vermək və ticarətin maliyyələşdirilməsi üzrə xidmətlər göstərmək üçün bankın imkanlarını genişləndirib.
Bu maliyyə təşkilatlarından aşağıdakıları qeyd etmək olar: Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Hollandiya İnkişaf Maliyyə Şirkəti FMO, DEG Almaniya İnvestisiya Şirkəti, Raiffeisen Bank, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, Commerzbank AG və sair.
"Bank Respublika" Sahibkarlığa Yardım Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə də əməkdaşlıq edir. "Bank Respublika" Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Bankda yerləşdirilmiş əhalinin əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır.
"Bank Respublika" qiymətli kağızlar bazarında fəaliyyət göstərən və Bakı Fond Birjasının səhmdarlarından olan "Respublika İnvest" MMC-nin təsisçisi və "Bakı Sığorta" şirkətinin əsas səhmdarıdır.
"Bank Respublika" eləcə də MasterCard International və VISA International beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Bank həmçinin Western Union, Coinstar, Contact, Migom, PrivatMoney, Bıstraya Poçta, Blizko, Xpress Money və Allür təcili pul köçürmə sistemlərinə qoşulubdur. "Bank Respublika" müxtəlif yerli və xarici banklarla müxbir əlaqələri yaratmışdır.
Bankın mühüm prioritetlərindən biri fəaliyyət dairəsini və xidmət şəbəkəsini genişləndirməkdir. "Bank Respublika" hazırda Bakı, Gəncə, Sumqayıt, Şirvan, Quba, Xaçmaz, Lənkəran, Masallı, Yevlax, Bərdə, Şəmkir və Göyçay şəhərlərində 16 filial və 8 şöbədən ibarət xidmət şəbəkəsinə malikdir.
"Bank Respublika" Ofis24 layihəsi çərçivəsində Azərbaycanda fiziki şəxslərə həftənin bütün günləri 24 saat fasiləsiz bank xidməti göstərən yeganə bankdır və bu, müştərilərə olan xüsusi diqqətin göstəricisidir.
Uğurlu fəaliyyətinin nəticəsi kimi "Bank Respublika"nın maliyyə göstəricilərinin artımını da qeyd etmək olar. Hazırda "Bank Respublika"nın məcmu kapitalı 34,1 mln. manat, aktivləri isə 288 mln. manat təşkil edir. Beləliklə, "Bank Respublika" Azərbaycanda aparıcı banklardan olmaqla bank sektorunda öz mövqelərini daha da möhkəmləndirir.