Azərbaycan, Bakı, 06 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/"Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi növbəti beş il üçün strateji inkişaf planını təsdiq edib", - bazar ertəsi nazirliyin beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Elnur Sultanov deyib.
"İnkişaf planı üç mərhələdə - 2009 - cu ildən 2014 - cü ilədək həyata keçiriləcək", - o qeyd edib.
Strateji plan Əmək Nazirliyi və Dünya Bankının (DB) birgə layihəsi çərçivəsində cəlb edilmiş Kanada, Almaniya və Hollandiya məsləhətçilərinin köməyi ilə hazırlanıb.
Azərbaycan hökumətinin Dünya Bankı ilə "Sosial müdafiənin inkişafı"birgə layihəsi DB - nin iyunda keçirilmiş Direktorlar Şurasının iclasında təsdiq edilib. Layihənin 2008 - ci ilin payızında həyata keçirilməsi planlaşdırılıb, dəyəri $40 mln. qiymətləndirilir. Onun $25 mln.-unu DB öz üzərinə götürəcək. Layihənin həyata keçirilməsi müddəti beş ildir. Layihəyə dörd komponent daxildir: əmək bazarının müasirləşdirilməsi, o cümlədən əmək qanunvericiliyinin, əməyin mühafizəsi sisteminin, məşğulluq idarələrinin işinin təkmilləşdirilməsi; sosial təminat sistemi siyasətinin formalaşdırılması; pensiya sisteminin müasirləşdirilməsi və layihənin idarə edilməsi.
"Strateji plan bütün müfəttişlərin ixtisasının artırılmasını, onların sayının artırılmasını, müfəttişlərə olan tələblərin hazırlanmasını, qanunvericilk bazasının təkmilləşdirilməsini və əməyin mühafizəsi üzrə milli standartların hazırlanmasını nəzərdə tutur", - Sultanov bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi öz fəaliyyətini 2007- ci ilin avqustunda Bakıda tikilməkdə olan on altı mərtəbəli binanın çökməsi və 25 nəfərin həlak olması nəticəsində fəallaşdırıb. Müfəttişlik bütün ölkə üzrə tikinti meydançalarında işçilərə əmək şəraitinin yaradılması, istehsalatda xüsusi geyimlə təmin edilməsi və əmək müqavilələrinin olması ilə bağlı mütəmadi monitorinqlər keçirir.
İlk yarımildə müfəttişlik 1075 müəssisədə (432 - si dövlət və 643 - ü özəl) monitorinq aparıb və 4,6 min pozuntu aşkarlanıb. Onların 22 faizi əmək müqavilələrinin bağlanılmaması, 13,4 faiz aylıq əmək haqqının düzgün hesablanmaması, 7,3 faiz tibbi - sanitar təminatla, 2,7 faiz sosial müavinətlərin düzgün hesablanmaması, 3,1 faiz texniki təhlükəsizlik qaydalarının pozulması ilə bağlı pozuntulardır.