Azərbaycan, Bakı, 02 dekabr/ Trend / Bu gün AccessBank KfW Alman İnkişaf Bankından 22 milyon dollar məbləğində kreditin 12 mln. dollarlıq ilk tranşını alıb, - Azərbaycan bankının çərşənbə axşamı yayılan məlumatında bildirilir.
Bu, AccessBank-ın vahid kreditordan aldığı ən böyük kreditdir və kredit 5 il müddətinə verilib. KfW, həmçinin, AccessBank-ın təsisçilərindən biridir.
AccessBank kredit ehtiyatlarını mikro və kiçik biznesin maliyyələşdirilməsinə sərf edəcək - burada məqsəd onların inkişafına şərait yaratmaq və yeni iş yerləri açmaqdan ibarətdir.
"KfW-nin əsas missiyası Azərbaycanın qeyri-neft sektorunda davamlı inkişafa kömək etməkdən ibarətdir, - KfW İnkişaf Bankının birinci vitse-prezidenti Roland Siller bildirib. - Biz buna, AccessBank kimi peşəkar və güclü maliyyə institutları ilə əməkdaşlıq sayəsində nail oluruq". Onun sözlərinə görə, bu bank Azərbaycanda güclü və diversifikasiya olunmuş iqtisadiyyatın əsasını təşkil edən mikro və kiçik müəssisələrin kreditləşdirilməsinə böyük diqqət yetirir.
"AccessBankın çox güclü təsisçiləri var, - AccessBank-ın Baş meneceri Endryu Pospilovski bildirib. - Beynəlxalq maliyyə böhranı şəraitində AccessBank maliyyə vəsaitlərinin sayını artırmağa və mikro və kiçik bizneslə məşğul olan daha bir neçə min insanı maliyyələşdirməyə davam edir. Beləliklə, AccessBank və onun təsisçiləri, Azərbaycan iqtisadiyyatının inkişafında və diverfikisasiyasında aparıcı rol oynayır".
KfW Alman İnkişaf Bankı Almaniya hökumətinə məxsusdur və artıq 60 ildir ki, fəaliyyət göstərir. 2007-ci ildə KfW Almaniyada, eləcə də bütünklüklə Avropada və bütün dünyada müxtəlif layihələrin həyata keçirilməsinə ümumilikdə 110 milyard dollar məbləğində vəsait ayırıb. KfW bankının missiyası inkişaf edən ölkələrdə əhalinin iqtisadi və sosial həyat şəraitinin yaxşılaşdırılmasından ibarətdir. Son 10 il ərzində Bank Şərqi Avropada və MDB ölkələrində orta və kiçik müəssisələrin və mikromaliyyələşdirmənin inkişafı sahəsində əsas tərəfdaşlardan biridir.
AccessBank Azərbaycanda mikro və kiçik biznes sahəsində aparıcı kreditor olub, hər ay 20 milyon dollardan artıq məbləğdə 4.000-dən artıq biznes krediti verir. AccessBank 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın məsləhətçi LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]