...

Azərbaycanın United Credit Bank-ı plastik kartların biznes coğrafiyasını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2008 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr/ Trend / United Credit Bank Sumqayıt şəhərində ilk bankomatını müştərilərinin istifadəsinə verib. Bankomat bankın filialının bu il istifadəyə verilmiş yeni binasında quraşdırılıb, - bankın cümə günü yayılmış məlumatında bildirilir.

Yaxın perspektivdə bank bu regionda bankomat şəbəkəsini genişləndirməyi planlaşdırır.

Sumqayıtda qurulmuş ilk bankomat bu sənaye mərkəzinin plastik kart istifadəçilərinə günün istənilən vaxtında Azərbaycan manatı və ya ABŞ dolları ilə nəqd pul çıxarmaq imkanı verir. Bundan əlavə, United Credit Bank- ın bankomatı vasitəsilə plastik kart istifadəçiləri Aztelekom və mobil rabitə operatorlarının (Azercell, Bakcell, NarMobile) xidmətlərindən istifadə üzrə borclarını ödəyə və balanslarını artıra biləcəklər.

"Bankın bankomat şəbəkəsinin inkişafı respublikanın regionları hesabına plastik kart biznesinin coğrafiyasını genişləndirmək, müştərilərə göstərilən xidmətlərin çeşidini artırmaq və keyfiyyətini daha da yüksəltmək kimi planlarıyla bağlıdır", -  United Credit Bank-ın İdarə Heyəti sədrinin müavini Vahid Əliyev bildirib.

Hazırda United Credit Bank-ın 5 filialı müştərilərə geniş çeşiddə bank xidmətləri təqdim edir. Filialların 3-ü Bakda, 2-si isə regionlarda -Gəncə və Sumqayıtda yerləşir. Sumqayıt filialı United Credit Bank-ın aparıcı struktur bölmələrindəndir. 2008 - ci ilin 10 ayının yekunları üzrə bu filial vasitəsilə qəbul edilmiş depozitlərin həcmi 289,3 min manat, müştərilərə təqdim edilmiş kreditlərin həcmi 911,3 min manat olub.

United Credit Bank ASC 1996 - cı ildən fəaliyyət göstərir. Bank mərkəzi ofisi və 5 filialı vasitəsilə hüquqi və fiziki şəxslərə geniş çeşiddə maliyyə xidmətləri təklif edir. Bank Bakı Fond Birjasının təsisçilərindən biri, SWIFT, Bakı Banklararası Valyuta Birjasının üzvü və "Mütəşəkkil Banklararası Kredit Bazarının" fəal iştirakçısıdır. 2008 - ci il noyabrın 1-nə olan vəziyyətə görə,  bankın aktivləri 32,7 mln. manat,  məcmu kapitalı 13,3 mln. manat, depozit portfelinin həcmi 8 mln. manat, kredit portfelinin həcmi isə 22,7 mln. manat təşkil edib.

United Credit Bank ASC dünyanın aparıcı bankları ilə sıx əlaqələrə malikdir. Bankın Avstriya, Belçika, Türkiyə, Rusiya Federasiyası, Qazaxıstan kimi ölkələrin aparıcı banklarında müxbir hesabları var. Rusiya Federasiyasının ən böyük banklarından olan "Rusiya Əmanət Bankı" ilə birbaşa müxbir münasibətlərin olması bankın korporativ müştərilərinə RF ərazisində fəaliyyət göstərən tərəfdaşları ilə real vaxt rejimində işləməyə imkan verir. Bank Western Union, Express, Migom, Privat Money, Lider kimi beynəlxalq pul köçürmə sistemlərinə qoşulub.

Dekabrın 5 - nə olan cari mübadilə məzənnəsi -- 0,809 AZN/USD

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti