...

Azərbaycan iqtisadiyyatı inkişaf etdirmək məqsədilə bütün lazımi tədbirləri görür – Prezident İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Dekabr 2008 03:30 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı inkişaf etdirmək məqsədilə bütün lazımi tədbirləri görür – Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 01 yanvar / Trend / 2008-ci ildə bizim iqtisadiyyatımız yüksək sürətlə inkişaf etməkdə davam etmişdir, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə yayımlanan təbrikində bildirib.

"Deyə bilərəm ki, son dörd il ərzində Azərbaycan iqtisadi artım baxımından dünyada birinci ölkədir. Bu, böyük nailiyyətdir və bizə imkan verir ki, bütün iqtisadi, infrastruktur və sosial məsələləri uğurla həll edək," - - deyə Prezident deyib.

Prezidentin sözlərinə görə, 2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıdı və bunu bəyan etdi. Bu onu göstərir ki, Azərbaycanda aparılan ciddi, düşünülmüş iqtisadi islahatlar öz bəhrəsini verir və dünya miqyasında Azərbaycan çox böyük nüfuza malikdir, çox böyük hörmətə malikdir.

"Azərbaycanda iqtisadiyyatın inkişafı üçün bütün lazımi tədbirlər görülür. Dövlət sahibkarlığın inkişafını dəstəkləyir və növbəti illərdə bu dəstək daha da böyük olacaqdır. Bunun nəticəsində bu gün Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Bu, böyük nailiyyətdir və onu göstərir ki, Azərbaycanda siyasi və iqtisadi islahatlar ölkəmizin hərtərəfli inkişafına xidmət edir və ölkəmizi gücləndirir. Biz bundan sonrakı illərdə də iqtisadi inkişafa böyük diqqət göstərəcəyik və əminəm ki, qarşıda duran bütün vəzifələrə nail olacağıq," - deyə İham Əliyev vurğulayıb.

Prezidentin sözlərinə görə, ölkəmizdə son beş il ərzində həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı da uğurla başa çatdı. Proqramın bütün vəzifələri icra olundu. Proqram qəbul olunanda 600 min yeni iş yerlərinin açılması nəzərdə tutulurdu.

"Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, son beş il ərzində Azərbaycanda 750 min yeni iş yerləri açılmışdır ki, bu da regionların inkişafına çox böyük təkan vermişdir," - deyə İlham Əliyev qeyd edib.

"Kənd təsərrüfatına böyük diqqət göstərilir. Biz, demək olar ki, ərzaq təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirləri görmüşük və ümid edirəm ki, növbəti bir-iki il ərzində özümüzü ərzaq məhsulları ilə tamamilə təmin edəcəyik. Kənd təsərrüfatında aparılan islahatlar, fermerlərə verilən güzəştlər, dövlət qayğısı, dövlət tərəfindən verilən kreditlər - bütün bunlar bizim uğurlarımızı şərtləndirən amillərdir," - deyə İlham Əliyev bildirib.

"Baxmayaraq ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı son beş il ərzində 49 faizdən 16 faizə düşmüşdür və əminəm ki, 2008-ci ilin yekunlarına görə bu rəqəm daha da aşağı düşəcəkdir, hələ ki, yoxsulluq şəraitində yaşayan vətəndaşlar var və dövlət onlara kömək üçün hər şeyi etməlidir. Ona görə ünvanlı sosial yardım proqramı bundan sonra da davam etdiriləcək və əminəm ki, Azərbaycanda yoxsulluq kimi ictimai bəla aradan qaldırılacaqdır," - deyə İham Əliyev vurğulayıb.

"2008-ci ildə minimum əmək haqqı və minimum pensiyanın həcmi 50 faiz artırılmışdır və bundan sonrakı illərdə bu siyasət davam etdiriləcəkdir. Biz elə etməliyik ki, insanlarımız yaxşı yaşasınlar. Bizneslə məşğul olanlar üçün şərait yaradırıq, ancaq büdcə təşkilatlarında işləyənlər, vətəndaşlarımız dövlət tərəfindən lazımi maddi təminat almalıdırlar və biz bu istiqamətdə bundan sonra da işləyəcəyik," - deyə Prezident deyib.

Prezidentin sözlərinə görə, Azərbaycan 2008-ci ildə öz enerji siyasətini uğurla davam etdirmişdir

"Biz enerji təhlükəsizliyi məsələlərinə nail olduq və bu gün başqa ölkələrin enerji təhlükəsizliyi üçün fəaliyyət göstəririk. Bu bizə həm siyasi, həm iqtisadi dividendlər gətirir, bizim üçün yeni imkanlar açır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri uğurla fəaliyyət göstərir. Azərbaycan, demək olar ki, qarşıda duran bütün neft-qaz məsələlərini uğurla həll edibdir. Ixracın şaxələndirilməsinə nail olubdur. Bu gün Azərbaycan nefti və qazı həm ölkəyə xidmət göstərir, - Azərbaycanda qazlaşdırma artıq 85 faizə çatıbdır, - eyni zamanda, bu, bizə iqtisadi imkanlar yaradır, siyasi imkanlarımızı genişləndirir. 2008-ci ildə Bakıda keçirilən Enerji sammiti bunun bariz nümunəsidir. Bakıda qəbul edilmiş qərarlar nəinki Azərbaycanın gələcək enerji siyasətini möhkəmləndirir, eyni zamanda bölgədə, Avropada, geniş mənada dünyada yeni vəziyyətə gətirib çıxarılmasına xidmət göstərəcəkdir. Biz bu imkanlardan uğurla istifadə edirik və mən şübhə etmirəm ki, növbəti illərdə Azərbaycanın uğurlu neft strategiyası davam etdiriləcəkdir.

Bununla bərabər, energetika sektoruna biz böyük vəsait qoyuruq. Son beş il ərzində Azərbaycanda 6 elektrik stansiyasının tikintisinə nail olduq. Bir neçə elektrik stansiyası bərpa edildi, təmir olundu və bizim enerji gücümüzü artırdı. Bu da böyük nailiyyətdir. Yəni, bir sözlə, bu sahədə vəziyyət çox qənaətbəxşdir. Əminəm ki, növbəti illərdə bu uğurlu siyasət davam etdiriləcəkdir," - deyə dövlət başçısı vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti