...

Azərbaycanda yük və sərnişindaşıma artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2009 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul / Trend /

Dövlət Statistika Komitəsinin məlumatına görə, ilk yarımildə Azərbaycanın nəqliyyat sektorunda 91,9 milyon ton müxtəlif növ yük daşınıb ki, bu da keçənilki göstəricidən 1,6 faiz çoxdur.

Daşınan yüklərin ümumi həcmindən 73 faiz özəl sektorun payına düşür. Yanvar-iyun ayları ərzində yüklərin 48,6 faizi avtomobil nəqliyyatı, 33,7 faizi boru kəmərləri (o cümlədən, 20,3 faiz "Bakı-Tbilisi-Ceyhan", 2,2 faiz Cənubi Qafqaz boru kəmərləri üzrə), 10,8 faizi dəmiryol, 6,9 faizi isə dəniz nəqliyyatı ilə daşınıb. 

Yanvar-iyun aylarında sərnişin nəqliyyatında 634,54 milyon nəfər daşınıb ki, bu da 2008-ci ilin müvafiq dövründəki göstəricidən 7,8 faiz çoxdur. Sərnişindaşımanın 82 faizi özəl sektorun payına düşür. Sərnişinlərin əsas hissəsi avtomobil nəqliyyatı (82,1 faiz) və metro ilə (17,3 faiz) daşınıb.

Dəmiryol ilə 10 milyon ton müxtəlif növ yük daşınıb. Keçən ilin yanvar-iyun aylarında bu rəqəm 13,8 milyon ton olub.

Dəniz nəqliyyatı ilə 6,4 milyon ton müxtəlif növ yük daşınıb. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz çoxdur. Daşınan yüklərin ümumi həcmindən 73 faiz neft və neft məhsullarının payına düşür. Qalan 27 faizi isə quru yüklər təşkil edib. Daşınan yüklərin bütün həcmi beynəlxalq əməliyyatların payına düşür.

Azərbaycan portlarında hazırlanmış yüklərin həcmi yanvar-iyunda 2,5 milyon ton təşkil edib. Keçən ilin müvafiq dövründə bu rəqəm 2,9 milyon ton olub.

Avtonəqliyyatla 44,5 milyon ton yük daşınıb ki, bu da 2008-ci ilin yanvar-iyunundakı göstəricidən 8,2 faiz çoxdur. Sərnişindaşımanın həcmi 521 milyon nəfər (7,6 faiz çoxalıb) təşkil edib. Sərnişinlərin 96,6 faizi avtobuslar, 3,4 faizi isə minik avtomobilləri ilə daşınıb.

Metropolitenlə sərnişindaşımanın həcmi 109,7 milyon nəfər təşkil edib və 8,8 faiz artıb.

İlk yarımildə hava nəqliyyatı ilə 554,6 min sərnişin daşınıb. Keçən ilin yanvar-iyununda bu rəqəm 604,2 min nəfər olub. Bu növdə daşınmanın 8,3 faizi özəl sektorun payına düşüb.

2009-cu ilin yanvar-iyununda neft kəmərləri magistralı ilə 24,8 milyon ton neft nəql edilib. 2008-ci ilin müvafiq dövründə bu rəqəm 24,2 milyon ton olub. Nəqlin 7,1 faizi "Bakı-Tbilisi-Ceyhan" boru kəmərinin payına düşüb. Yanvar-iyunda bu neft kəməri üzrə Bakıdan 18,6 milyon ton neft göndərilib. 

Bu ilin yanvar-iyununda qaz kəmərləri magistralı ilə 8,7 milyard kubmetr qaz ixrac olunub. Bu göstərici 2008-ci ildəki göstəricidən 15,4 faiz çoxdur. Qazın 2,9 milyard kubmetri Cənubi Qafqaz qaz kəməri ilə nəql edilib.

Avroasiya nəqliyyat dəhlizi üzrə Azərbaycan ərazisi vasitəsilə 2009-cu ilin yanvar-iyun aylarında 17,4 milyon ton yük daşınıb. Keçən ilin müvafiq dövründə bu rəqəm 19,9 milyon ton olub.  

Xəbər lenti

Xəbər lenti