Azərbaycan, Bakı, 25 noyabr / Trend /
Sumqayıt şəhərində Üst Trikotaj Fabrikinin bazasında yaradılmış "İntertekstil" ASC-də aparılan yenidənqurma işləri yekunlaşır. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin məlumatında deyilir.
Aparılan işlər zamanı, müəssisənin istehsal korpusu yenidən qurulub. Korpusda müasir texnologiyaya malik yeni avadanlıqlar quraşdırılıb, sazlama işləri başa çatdırılıb.
Avadanlıqların sutkalıq gücü 15-16 ton pambıq ipliyidir. Quraşdırılmış avadanlıqlar əsasən Almaniya, İngiltərə və İtaliya istehsalıdır.
Müəssisədə kompressor qurğusunun yerləşdirilməsi üçün əlavə yer, yeni xammal qəbulu və hazır məhsul anbarı, yeni elektrik transformator stansiyası, qazanxana tikilib.
Qazanxana üçün alınan avadanlıqların quraşdırılmasına yaxın vaxtlarda başlanılacaq.