Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir N.İsmayılova/
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti satışda olan duzların keyfiyyət və təhlükəsizliyinin laborator analizinə başlayıb. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.
Aparılmış laborator müayinələr nəticəsində Binəqədi rayonuda yerləşən "Hikmət" MMC-də istehsal edilmiş və kağız qutulara qablaşdırılmış 1-ci növ xörək duzunun tərkibində yodun miqdarının normadan az, "Ekstra" xörək duzunun tərkibində isə yodun miqdarının normadan çox olduğu müəyyən edilib.
Bununla əlaqədar, "Hikmət" MMC-də duz istehsalının qanunauyğunluğu ilə bağlı yoxlamaya başlanılıb və müəssisənin anbarında olan 1-ci növ xörək duzundan və "Ekstra" xörək duzundan nümunə götürülərək laborator müayinəyə göndərilib. Dövlət Xidməti tərəfindən normativ-texniki sənədlərin tələblərinə cavab verməyən duzların satışının dayandırılması və ticarət şəbəkəsindən geri qaytarılması barədə "Hikmət" MMC-yə icrası məcburi göstəriş verilib.