...

Azərbaycanda buraxılan avtomobillər "Avro-2" və "Avro-3" standartlarına tam cavab verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2010 17:20 (UTC +04:00)
Gəncə Avtomobil Zavodunda buraxılan məhsul atmosferə zərərli maddələrin tullanması üzrə "Avro-2" ekoloji standartlarına tam uyğundur. Bunu çərşənbə günü zavodun direktoru Xanlar Fətiyev deyib.
Azərbaycanda buraxılan avtomobillər "Avro-2" və "Avro-3" standartlarına tam cavab verir

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir S.Əliyev/

Gəncə Avtomobil Zavodunda buraxılan məhsul atmosferə zərərli maddələrin tullanması üzrə "Avro-2" ekoloji standartlarına tam uyğundur. Bunu çərşənbə günü zavodun direktoru Xanlar Fətiyev deyib.

"Hazırda müəssisədə yığılan "Belarus" traktoru və MAZ avtomobili "Avro-2" standartlarına tam cavab verir. Lakin buna baxmayaraq, zavodda "Avro-3" standartlarına çıxış üzrə işlər aparılır", - Fətiyev bildirib.

Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev deyib ki, müəssisədə buraxılan Lifan markalı avtomobillər "Avro-3" standartlarına tam cavab verən mühərriklə təmin olunur.

Bundan əvvəl Nazirlər Kabineti Azərbaycanda dövriyyəyə buraxılan avtomobil nəqliyyatı (idxal və respublikada istehsal) tərəfindən atmosferə zərərli maddələrin tullanması üzrə tələblərin Avropa standartlarına uyğunlaşdırılmasına dair tədbirlər haqqında qərar qəbul edib.

Bu qərarla avtomobil nəqliyyatı tərəfindən atmosferə zərərli maddələrin tullanması üzrə tələblərin Avropa standartlarına uyğunlaşdırılmasına dair tədbirlər planı təsdiqlənib.

Hazırda Gəncə Avtomobil Zavodu daxili bazarın ehtiyaclarının ödənilməsi üçün öz istehsalat obyektlərində Minsk Traktor Zavodunun məhsullarını yığır. Marketinq tədqiqatlarına əsasən, zavod mövcud meydançalarda yerli bazar üçün beş min ədədədək illik istehsal imkanlarına malikdir.

Azərbaycanda Minsk avtomobil və traktor zavodlarının istehsalı olan yük avtomobillərinin və traktorların yığılması və satışına dair müqavilə 2006-cı ilin sonlarında Minskdə imzalanıb.

Yığım 15 min kvadratmetr sahəsi olan ərazidə həyata keçirilir.

Naxçıvan Avtomobil Zavodunda istehsalatın gücü ildə 4-5 min avtomobil təşkil edir. Zavodda Lifan markalı avtomobillər (Çin istehsalı) yığılır. Hazırda zavodun qarşısına qoyulan vəzifə NMR-in avtomobilə olan tələbatının təmin edilməsidir. Perspektivdə bu müəssisənin avtomobillərinin Türkiyə və İran bazarına çıxarılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti