Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir Ü.İsmayılova/
Fevralda 1 sot torpağın orta qiyməti 1,7% azalaraq yanvardakı 14769 $/sot səviyyəsindən 14521 $/sot səviyyəsinə enib. Bu barədə cümə günü "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən bildirilib.
Ay ərzində qiymət azalması Bakının bütün rayonlarında qeydə alınıb. Rayonlar üzrə ən çox qiymət azalması Yasamal (-2.4%) rayonunda qeydə alınıb.
Fevralda torpaq bazarında ən bahalı torpaq sahəsi 180 min $\sot Nəsimi rayonunda, ən ucuz torpaq sahəsi isə 350 $\sot Abşeron rayonunda qeydə alınıb.
Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 1,2% artaraq 252 günə çatıb. Yaranmış vəziyyət əsasən bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nəticəsində meydana çıxıb. Bu tendensiya mövsümlə əlaqədar bir qədər də dərinləşib.
Hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Nizami rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylar olduğu kimi, Nəsimi rayonudur.