Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir Ü.İsmayılova/
Azərbaycan Rieltorlar Assosiasiyası (əvvəllər Bakı Rieltorlar Assosiasiyası adlanırdı) "Rieltor fəaliyyəti haqqında" qanun layihəsini baxılması üçün parlamentin İqtisadi siyasət komitəsinə təqdim edib. Bu barədə assosiasiyanın icraçı direktoru Elnur Azadov bazar ertəsi məlumat verib.
"Qanun layihəsi rəy almaq, gələcəkdə mümkün dəyişikliklər və əlavələr üçün komitəyə təqdim olunub", - Azadov deyib.
Onun sözlərinə görə, yaxın aylarda parlament komitəsində qanun layihəsinin müzakirəsi gözlənilir.
Assosiasiyanın icraçı direktoru deyib ki, qanun layihəsinin hazırlanmasında əsas məqsəd bazarın ümumi inkişafı və göstərilən xidmətlərin səviyyəsinin artırılması məqsədilə onun ölkə ərazisində fəaliyyət göstərən bütün rieltorlar tərəfindən tətbiqidir.
Layihəyə əsasən, bu qanun fiziki və hüquqi şəxslərin rieltor fəaliyyəti sahəsində münasibətlərinin tənzimlənməsini, həmçinin bu istiqamətdə vahid dövlət siyasətinin həyata keçirilməsini nəzərdə tutur. Qanunda aşağıdakı anlayışlar nəzərdə tutulub: rieltor fəaliyyəti, agent, rieltor xidmətlərinin istifadəçisi, daşınmaz əmlak, daşınmaz əmlak bazarı, rieltorların özünüidarəetmə təşkilatı.
Qanun layihəsində rieltorların könüllü məsuliyyət sığortasının tətbiqi də nəzərdə tutulub. Rieltorlar Assosiasiyası bazarda rieltor fəaliyyətinin nizamlayıcısı rolunu oynayacaq, rieltorların serifikatlaşdırılması üzrə tədbirlər keçirəcək, rieltor fəaliyyətinin nizamlanması üçün standart və qaydaları işləyib hazırlayacaq, rieltorlar üçün hazırlıq kursları və peşə imtahanları təşkil edəcək, rieltorların reyestrini aparacaq, rieltor fəaliyyətinə standart və qaydalara uyğun nəzarət edəcək, əlaqələri yoluna qoyacaq, şikayətlərə baxacaq, daxili qaydaların pozulması zamanı sanksiyalar tətbiq edəcək.
"MBA Group", "New Europe" və "Bakı Əmlak" şirkətləri tərəfindən təsis olunan Bakı Rieltorlar Assosiasiyası 2008-ci ilin oktyabrında Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Onun Azərbaycan Rieltorlar Assosiasiyasına çevrilməsi haqqında qərar 2010-cu ilin yanvarında qəbul olunub.