Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İ.Xəlilova/
Azərbaycan Mərkəzi Bankı (AMB) ikinci yarımildə ölkənin bank sektorunun inkişafına dair yeni strategiyanı qəbul etməyi planlaşdırır. Bunu çərşənbə axşamı AMB İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
"Bu gün yeni ümumi iqtisadi inkişaf strategiyasının üzərində işləyirik və bununla əlaqədar həm yerli, həm də beynəlxalq səviyyədə ayrı-ayrı institutlarla, əsasən də Dünya Bankı ilə işləyirik", - Rüstəmov deyib. - "Bütün dünyada belə axtarış gedir".
Yeni iqtisadi model diversifikasiya olunmuş model olmalı, ölkənin ixrac potensialının artırılmasını nəzərdə tutmalı və dünya bazarına çıxışı, rəqabət qabiliyyətinin artmasını təmin etməlidir.
"Azərbaycanda 9 milyon əhali var və daxili tələbat böyük iqtisadiyyatı qurmağa imkan vermir. Biz əhalinin adambaşına düşən ÜDM üzrə çox böyük uğurlara nail olmuşuq: alıcılıq qabiliyyəti pariteti üzrə bu, 9 min dollar təşkil edir ki, bu da orta gəlirli dövlətlərin aşağı pilləsinə uyğundur, lakin bu göstəricinin orta və yüksək səviyyəsi də var. Orta gəlirli ölkələrin orta şkalasına keçmək üçün adambaşına düşən gəlir 15-17 min dollar təşkil etməlidir ki, bu da Cənubi Avropa dövlətlərinin göstəricisinə uyğundur", - Rüstəmov deyib.
Müvafiq olaraq, bu göstəriciyə nail olmaq üçün Azərbaycan ÜDM-i 2-3 dəfə artırmalıdır. Rüstəmovun fikrincə, bu səviyyəyə 2025-2030-cu illərdə çatmaq olar.
"Bu səviyyəyə çatmaq üçün yeni iqtisadi artım modeli lazımdır. Bu, diversifikasiya olunmuş model olmalıdır ki, buna da neft bazasında nail olmaq mümkün deyil. Buna qeyri-neft ixracının güclü diversifikasiyası zamanı xarici tələbatın bazasında nail olmaq olar ki, bu da rəqabət qabiliyyətini, təhsil sisteminin inkişafını və digər qalanları əhatə edir. İqtisadiyyatın böyük həcmdə xarici investisiyaların qəbul etməsi üçün yaxşı təhsil sistemi - yaxşı işçilər və mühəndis kadrları lazımdır", - Rüstəmov deyib.
Aparılan hesablamalara görə, belə uğura nail olmaq üçün özəl investisiyaların həcmi qeyri-neft ÜDM-in 40-50 faizinə çatdırılmalıdır.
"İqtisadiyyat hər il beş milyard dollara yaxın absorbsiya etməyə qadirdir. İqtisadiyyat bu həcmi sakit mənimsəyə bilər və Mərkəzi Bank bu dollar vəsaitlərini pulların valyuta bazarına çıxarılması vasitəsilə absorbsiya etməyə və sonra kursu stabilləşdirməyə qadirdir. Zənnimcə, biz bu işin öhdəsindən gələ bilərik. Hələ əvvəlki sikl zamanı (iqtisadiyyatın üçqat artırılması) biz sübut etdik ki, pul kütləsinin və investisiyaların sürətli templə artdığı vaxtda belə makroiqtisadi göstərici ilə işləyə bilərik", - ölkənin baş bankiri deyib.
Onun sözlərinə görə, ölkənin yeni iqtisadi strategiyasının reallaşmasında əsas rolu bank sektoru oynamalıdır. Bununla əlaqədar AMB banklara real sektorun maliyyələşdirilməsini genişləndirməyi tövsiyə edib. Bundan ötrü Azərbaycan banklarının kifayət qədər resursları var.