...

İlk dəfə olaraq UFI "AITF 2010" IX Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin səviyyəsinin auditini keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2010 20:43 (UTC +04:00)
"AITF 2010" IX Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi 28-30 aprel tarixlərində Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək.
İlk dəfə olaraq UFI "AITF 2010" IX Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin səviyyəsinin auditini keçirəcək

Azərbaycan, Bakı, 19 aprel /Trend/

"AITF 2010" IX Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi 28-30 aprel tarixlərində Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək.

"AITF" Turizm və Səyahətlər Sərgisi turizm sənayesinin peşəkarları üçün görüş yeri və Azərbaycanda öz biznes sahələrini genişləndirmək arzusunda olan şirkətlər arasında "körpü" rolunu oynamaqla yanaşı, ziyarətçilər üçün yeni turizm marşrutlarının açılması baxımından əla imkan sayılır.Sərginin keçirilməsinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi fəal dəstək göstərir. Sözügedən tədbirə həmçinin Dünya Turizm Təşkilatı (UNWTO), Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən rəsmi olaraq dəstək verilir. Bu il ilk dəfə olaraq "AITF 2010" sərgisində Türkiyə Respublikası tərəfdaş ölkə qismində çıxış edəcək.

Ötən il dünyada turizm sənayesində müşahidə olunan azalmalara baxmayaraq, "AITF" sərgisi böyük uğurla keçirilib və sərgi 100-dən çox şirkəti öz meydançasında toplamağa müvəffəq olub. "AITF 2009" sərgisini dünyanın 24 ölkəsindən, o cümlədən ABŞ, BƏƏ, İtaliya, Yaponiya, Çexiya, Almaniya və digər ölkələrdən gəlmiş 7 mindən çox insan ziyarət edib ki, bu da öz növbəsində sərgi üçün rekord göstərici sayılır.

"AITF 2010" sərgisi bu ilin ən parlaq tədbirlərindən biri olacaq. Sərgidə 100-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. Bu fakt, eləcə də sərgidə artıq öz iştiraklarını təsdiq etmiş şirkətlərin sayı sərginin 2009-cu il ilə müqayisədə 15% inkişaf edəcəyini proqnozlaşdırmağa əsas verir. Hər bir turizm sərgisi üçün əsas dəyərlərdən biri sayılan milli stendlər, eləcə də dünyanın 24 ölkəsindən şirkətlər sərginin iştirakçıları olacaqlar. Paralel olaraq keçiriləcək dolğun tədbirlər proqramına seminarlar, təqdimat mərasimləri, mükafat lotereyaları daxil olacaq. Ənənəvi olaraq, Turizm və Səyahətlər Sərgisi "Sərgini ziyarət et - dünyanı kəşf et!" şüarı altında keçirilir və bu şüarı tamamilə məqsədəuyğun hesab etmək olar. Belə ki, sözügedən sərgi ziyarətçilərə imkan yaradacaq ki, onlar respublikamızda gəzib-görmək istədikləri yerlərlə tanış olsunlar. Avropa, Asiya və Afrikanın turizm operatorlarının müxtəlif təklifləri isə "AITF 2010" sərgisini beynəlxalq turizm festivalına çevirəcək.

Böyük Britaniyanın "ITE Group PLC" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkəti sərginin təşkilatçıları qismində çıxış edəcəklər.

Hər bir turizm sərgisi üçün əsas dəyərlərdən biri sayılan milli stendlər də builki sərgidə iştirak edəcək. Bu il ilk dəfə olaraq, "AITF 2010" Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Türkiyə tərəfdaş ölkə kimi çıxış edəcək. Türkiyə həmçinin ənənəvi olaraq öz ölkəsinin milli stendini nümayiş etdirəcək. Bu stend ziyarətçilərə Türkiyənin adət-ənənələri və milli koloritini təqdim edəcək və səyahət marşrutlarının seçilməsində yardımçı olacaq.

Öz qədim mədəniyyəti və zəngin tarixi ilə dünyanın hər bir yerindən turistləri cəlb edən Hindistan bu il "AITF 2010" sərgisi çərçivəsində ilk dəfə olaraq Azərbaycanı öz geniş turizm potensialı ilə tanış edəcək. Sərgidə Hindistanın peşəkar artistləri rəngarəng milli rəqs proqramı ilə çıxış edəcəklər.

Sərgidə Mavriki adalarından olan turizm şirkətləri də iştirak edəcəklər. Ötən il sərgidə bu ekzotik ölkədən cəmi bir şirkət iştirak edirdi. Bu il isə Azərbaycanda keçirilən turizm sərgisində Mavriki adasının bayrağı altında çoxsaylı şirkətlərdən ibarət qrup iştirak edəcək.

Bu il sərgi iştirakçıları arasında Yunanıstan da olacaq. Yunanıstanın stendində regionun turistlərinə dağ-xizək və dəniz kurortlarından başlayaraq, tarixi ekskursiya kurortlarına qədər ən müxtəlif istirahət guşələri təqdim olunacaq.

Avropa turizminin "ürəyi" sayılan Çexiya "AITF" sərgisinin daimi iştirakçılarından biridir. Bu il Çexiya özünün "Karlovı Varı", "Marianskiye Lazne" və digər populyar sanatoriya kurortlarını təqdim edəcək.

İsveçrənin turizm operatorları müxtəlif kateqoriyalı turistlər üçün ən geniş imkanlar üzrə seçim etməyə şərait yaradacaqlar.

"Şərqin Venesiyası" adlandırılan Dubay ildən-ilə sərgidəki iştirakçı şirkətlərinin sayını artırır. Belə ki, bu il "AITF" sərgisində Birləşmiş Ərəb Əmirliklərinin milli stendi ilə yanaşı, təkcə Dubayın geniş dəbdəbəli otellər şəbəkəsini deyil, eləcə də öz qədim koloritini qoruyub saxlayan, bədəvi ərəblərin yaşadığı kiçik kəndə ekzotik səyahət təklif edən turizm şirkətləri də iştirak edəcəklər. Bundan əlavə, alış-veriş etməyi sevənlərə xüsusi təkliflər təqdim olunacaq.

Sərgidə artıq ikinci ildir iştirak edən Malayziya, eləcə də Tailand, Maldiv adaları və Seyşel adaları "Adalarda cənnət" adlı ekzotik turizm marşrutunu təqdim edəcəklər.

Sərgidə fəal iştirak edəcək Ukrayna şirkətləri Azərbaycan ziyarətçilərinə təkcə Qara dəniz kurortlarını təqdim etməklə kifayətlənməyəcək. Ukrayna turizminin prioritet istiqaməti olan balneoloji kurortlar və sanatoriya müalicəsi Azərbaycanda çox populyar sayılır. Belə ki, sərgidə mineral sularının çeşidliliyi ilə məşhur olan Truskavets kurortunun istirahət evləri iştirak edəcəklər.

"AITF 2010" sərgisində iştirak etmək niyyətində olan Stavropol diyarı ziyarətçilərə sanatoriya müalicəsi üzrə xidmətlərin ən geniş diapazonunu təqdim edəcək. İnzibati rəhbərlik başda olmaqla, sərgi çərçivəsində Stavropol diyarından olan iş adamlarından ibarət nümayəndə heyəti üçün infotur təşkil ediləcək. Rusiya Federasiyasının bu vilayətinə Azərbaycan tərəfdən maraq çox yüksəkdir. Aparılmış sorğunun nəticələrinə əsasən, Stavropol diyarının sanatoriyalarında yerlərin 20%-i məhz Azərbaycan vətəndaşları tərəfindən tutulur. Təbii ki, bu sahədə əməkdaşlıq daha da perspektivli sayılır və bunu Stavropoldan olan nümayəndə heyətinin "AITF 2010" sərgisində fəal şəkildə iştirakı əyani şəkildə nümayiş etdirir.

Bu il Azərbaycan qonaqpərvər ev sahibi qismində çıxış edəcək. Abşeron zonasının otellər şəbəkəsi geniş şəkildə təqdim olunacaq. Belə ki, bu otellər arasında bu il istismara verilmiş yeni turizm obyektləri də var. Azərbaycanın daxili regional turizmi bu il Gilan, Nabran, Mingəçevir, Oğuz və digər bölgələrin otelləri tərəfindən təqdim olunacaq. Bu ilin fərqli məqamlarından biri də budur ki, ilk dəfə olaraq Azərbaycanın regionları ayrıca bir pavilyonda təqdim olunacaq. Burada hər bir şəhər öz potensialını göstərə biləcək. Ənənəvi olaraq, sərgidə Qarabağ stendi də təqdim olunacaq. Stenddə Azərbaycanın ən qədim torpağının əsrarəngiz gözəlliyə malik təbiəti nümayiş etdiriləcək. Stend Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil ediləcək.

HOREX 2010

Regionda yeganə ixtisaslaşdırılmış "HOREX" - Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Beynəlxalq Sərgisi 28-30 aprel tarixlərində Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək.

Sərgi əsas etibarı ilə mehmanxana və restoran sektorunun peşəkarları üçün nəzərdə tutulub. "HOREX" sərgisi iştirakçılara yeni məhsulları nümayiş etdirmək üçün əlverişli platforma, Azərbaycan və bütünlükdə Qafqaz regionunun qonaqpərvərlik bazarında məhsul və xidmətlərin istehlakçıları və təchizatçıları arasında səmərəli və qarşılıqlı fayda verən əməkdaşlıqlar qurmaq və onları genişləndirmək baxımından isə müvafiq imkanlar təqdim edir.

Bu il sözügedən sərgidə Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrdən olan şirkətlərin iştirak edəcəyi gözlənilir. Sərgi mehmanxanalar, restoran və supermarketlər, fitnes klubları, kafe və barlar üçün kompleks təchizat, mətbəx avadanlıqları, ticarət köşkləri, qəlyanaltı sistemi, mehmanxanalar və restoranlar üçün mebel və bir çox digər avadanlıqlar təqdim edəcək.

"HOREX" sərgisi çərçivəsində iştirakçı şirkətlərin stendlərində xarici mütəxəssislərin iştirak etdiyi parlaq kulinariya şouları, aşpaz və barmenlər üçün peşəkar təkmilləşdirmə kursları keçiriləcək.

Azərbaycanda qonaqpərvərlik sektorunun inkişaf perspektivləri bu gün sərginin keçirilməsinin aktuallığını bir daha vurğulayır. 4 il ərzində ölkədə otaqların ümumi sayı 30 706 olan müxtəlif kateqoriyalı 370 mehmanxana inşa və bərpa edilib. 2009-cu ildə təxminən 60 mehmanxananın tikintisi aparılıb və artıq 20 mehmanxana bu ildən etibarən fəaliyyət göstərməyə başlayıb. Hər il Azərbaycanda yeni supermarketlər açılır, ticarət, vitrin və soyuducu avadanlıqların keyfiyyəti və dizaynına olan tələblər artır. Bu gün Azərbaycanda 1,5 min müəssisə mehmanxana və restoran biznesi ilə məşğul olur. Təkcə Bakıda hazırda 5 min ictimai iaşə obyekti fəaliyyət göstərir, orta hesabla hər ay yeni "A" və "B" kateqoriyalı obyektlər açılır.

2008-ci ildən etibarən Xəzəryanı zonada istirahət kompleksləri və mehmanxanaların intensiv şəkildə inşa edilməsi üzrə layihələr işə salınıb. Hazırda Azərbaycan rayonlarında turizm kompleksləri, o cümlədən idman meydançaları və istirahət, əyləncə mərkəzlərinin daxil olduğu beş ulduzlu mehmanxanaların inşası davam etdirilir. Bununla da "HOREX" sərgisi Azərbaycanda sürətlə inkişaf edən turizm və mehmanxana biznesinin tələbatlarını əyani şəkildə əks etdirir. Sərginin üstünlüklərindən biri onun keçirildiyi yerdir. Belə ki, Bakı şəhəri bütünlükdə Qafqaz regionunun ənənəvi turizm və qonaqpərvərlik mərkəzi sayılır. Bu baxımdan, "HOREX Azərbaycan" sərgisi regionda sənaye mütəxəssislərinin illik görüşləri üçün yeganə bir məkan və Azərbaycanda mehmanxana avadanlıqları və xidmətləri üzrə ən yeni texnologiyaların tətbiqinə imkan yaradan tərəfdaş münasibətlərinin qurulması üçün əvəzolunmaz bir meydançadır.

Xəbər lenti

Xəbər lenti