Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir N.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan monitorinqlər zamanı 0,5 litrlik qablarda satılan şəkərli sərinləşdirici içkilərin qiymətlərinin artdığı müəyyən edilib. Bu barədə nazirliyin çərşənbə günü yayılan məlumatında deyilir.
Bununla əlaqədar Dövlət Xidməti tərəfindən şəkərli sərinləşdirici içkilər bazarında daha böyük paya malik olan "Azərbaycan Koka-Kola Bottlers Ltd" MMC, "Mars Overseas Baku LTD" və "TAC" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Aprelin 12-də "Azərbaycan Koka-Kola Bottlers Ltd" MMC haqqında qaldırılmış işə baxılması yekunlaşıb. İşə baxılması nəticəsində "Azərbaycan Koka-Kola Bottlers Ltd" MMC-nin bazarda hökmran mövqedən sui-istifadə edərək əlavə mənfəət əldə etmək məqsədilə, kifayət qədər iqtisadi əsas olmadan 0,5 litrlik qablarda satılan "Coca-Cola", "Fanta", "Sprite" adlı və s. şəkərli sərinləşdirici içkilərin satış qiymətini 31,9% artırdığı, nəticədə həmin məhsulların parakəndə satış qiymətinin 30 qəpikdən 40 qəpiyə qədər artdığı müəyyən edilib.
Bu hallara yol verməklə "Azərbaycan Koka-Kola Bottlers Ltd" MMC "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin və 16-1-ci maddəsinin tələblərini pozub.
Bununla əlaqədar, qanun pozuntusuna yol verilməklə əldə edilmiş 755 659 manat məbləğində üstəlik inhisar mənfəətinin dövlət büdcəsinə ödənilməsi, 0,5 litrlik qablarda satılan "Coca-Cola", "Fanta", "Sprite" adlı və s. şəkərli sərinləşdiriçi içkilərin pərakəndə satış qiymətinin 40 qəpikdən 35 qəpiyə endirilməsi üçün zəruri tədbirlərin görülməsi barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Azərbaycan Koka-Kola Bottlers Ltd" MMC-yə göstəriş verilib.
"Mars Overseas Baku LTD" MMC və "TAC" MMC-nin istehsal etdiyi 0,5 litrlik şəkərli sərinləşdirici içkilərin qiymətləri barədə təqdim edilmiş məlumatlar iş üzrə qərar qəbul edilməsi üçün kifayət etmədiyinə görə, bu müəssisələrdə məlumatlar yerində araşdırılacaq.
Aprelin 21-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.