Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çərşənbə axşamı Ankarada Türkiyənin dövlət naziri Həyati Yazıcı ilə Naxçıvan MR və Türkiyə sərhədindəki gömrük məntəqəsindən birgə istifadəni müzakirə edib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Yazıcının sözlərinə görə, Azərbaycan, Türkiyə və İranın hakimiyyət nümayəndələri Dilucu gömrük məntəqəsinin birgə istifadəsinə dair danışıqlar aparır.
"Əgər bu məntəqə həmin ölkələrin birgə istifadəsi üçün açılarsa, o, dünyada ilk belə məntəqə olacaq", - Yazıcı deyib.
Onun sözlərinə görə, sərhəd məntəqəsindən birgə istifadə bir ölkədən digərinə keçidi sürətləndirə və qaçaqmalçılığı azalda bilər.